Uzun illər ərzində ibtidai təhsilin keyfiyyəti arzuolunan səviyyədə olmayıb.
Demokrat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Peşə Təhsili Forumu" çərçivəsində "Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi" mövzusunda keçirilən panel sessiyada çıxışında deyib.
O bildirib ki, Elm və Təhsil Nazirliyinin son illərdə əsas prioritetlərindən biri ibtidai təhsilin keyfiyyətinin yüksəldilməsidir:
"İbtidai təhsilin, daha dəqiq desək, baza təhsilinin keyfiyyətini yüksəltmək vacibdir. Çünki "ibtidai təhsil" ifadəsi bəzən başlanğıc təhsili kimi başa düşülür. Halbuki söhbət hər bir vətəndaşın malik olmalı olduğu minimal bilik və bacarıqların formalaşdırıldığı mərhələdən gedir. Hazırda bu mərhələ bizdə dörd ili əhatə edir. Uzun illər ərzində ibtidai təhsilin keyfiyyəti arzuolunan səviyyədə olmayıb. Amma biz ibtidai təhsilin keyfiyyətinin tədricən yaxşılaşdığını görürük və bu istiqamətdə bir sıra işlər həyata keçiririk".
Nazir əlavə edib ki, sertifikasiya nəticələrinə əsasən, işdən azad edilən müəllimlərin böyük hissəsini məhz ibtidai sinif müəllimləri təşkil edib:
"Amma məqsəd qətiyyən ayrı-ayrı müəllimlərin nüfuzuna xələl gətirmək və ya onların bacarıqlarını kiçiltmək deyildi. Sadəcə, fakt budur ki, ibtidai təhsil səviyyəsində dərs deyən müəllimlərimizin böyük bir hissəsi orta ixtisas təhsillidir. Bu vəziyyət uzun müddət ölkədə müəllim çatışmazlığının olması ilə əlaqədar formalaşıb. Lakin artıq biz tamamilə ali təhsilə keçmişik. Yəni həm ibtidai, həm də məktəbəqədər təhsil səviyyəsində tədrisin alitəhsilli müəllimlər tərəfindən aparılması nəzərdə tutulur. İnanırıq ki, uzunmüddətli perspektivdə bunun müsbət təsirini görəcəyik". (Report)



