Salyanda Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə konfrans keçirilib.
Demokrat.az bildirir ki, Salyanda Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə "Yeni Azərbaycan Partiyasının tarixi Azərbaycanın müstəqillik və tərəqqi tarixidir" mövzusunda konfrans keçirilib.
Konfransda Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Nazim İsmayılov, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Əli Axundov və rayon ictimaiyyətinin nünmayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov konfransı giriş sözü ilə açaraq Yeni Azərbaycan Partiyasının yaranmasının ölkənin taleyində həlledici rol oynayan tarixi və siyasi hadisə olduğunu vurğulayıb.
O bildirib ki, Ulu Öndər Heydər Əliyevin müdrik rəhbərliyi ilə yaradılan partiya ötən 34 il ərzində böyük inkişaf yolu keçərək Azərbaycanın siyasi həyatında aparıcı qüvvəyə çevrilib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın qarşıya qoyduğu məqsədlər uğurla həyata keçirilir, ölkəmizin tərəqqisi və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində ardıcıl fəaliyyət davam etdirilir.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxışında Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında tutduğu mövqedən, dövlətçilik ənənələrinin qorunması və milli birliyin möhkəmləndirilməsindəki rolundan bəhs edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi nailiyyətlərə, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına toxunaraq, əldə olunan uğurların xalq-iqtidar birliyinin, siyasi sabitliyin və ardıcıl dövlət siyasətinin nəticəsi olduğunu vurğulayıb.
Digər çıxış edənlər əlamətdar gün münasibətilə konfrans iştirakçılarını təbrik edərək, Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi inkişaf yolundan, ölkənin ictimai-siyasi həyatında tutduğu mövqedən və fəaliyyət istiqamətlərindən bəhs ediblər. Çıxışlarda partiyanın Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və dövlətçilik ideyaları əsasında formalaşdığı, milli dövlətçilik ənənələrinin qorunmasında, ictimai-siyasi sabitliyin və milli birliyin möhkəmləndirilməsində oynadığı rol diqqətə çatdırılıb.
Konfransda partiyanın və rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup partiya fəalına fəxri fərmanlar, YAP sıralarına yeni qoşulan gənclərə isə üzvlük vəsiqələri təqdim olunub. Sonra konfrans Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümünə həsr edilmiş konsert proqramı ilə davam edib. Rayon Mədəniyyət Mərkəzinin və Uşaq İncəsənət Məktəbinin solistlərinin ifasında səslənən musiqi nömrələri tədbirə bayram ovqatı qatıb.
Konfransa Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekun vurulub.



