YapiKredi Müraciət Forması
Mazda CX-5
Dünya Özəl

Qohumlarını yola salmaq üçün qatara mindilər, 139 km uzağa getməli oldular

Qohumlarını yola salmaq üçün qatara mindilər, 139 km uzağa getməli oldular

Hindistanda qohumlarını yola salmaq üçün sürətli qatara minən 12 nəfər qapıların qəfil bağlanması səbəbindən təsadüfən səfərə çıxıb. Nəticədə onlar 139 kilometr yol getməli olub və hər biri cərimələnib.

Demokrat.az xəbər verir ki, bu barədə "Hindustan Times" nəşri məlumat yayıb.

Hadisə Varanas şəhərindən Yeni Dehliyə hərəkət edən "Vande Bharat" sürətli qatarında baş verib. Qatar səhər saat 09:26-da stansiyaya çatıb və dayanacaq üçün cəmi dörd dəqiqə vaxt ayrılıb.

12 nəfər yaxınlarına vaqonda yerləşməyə kömək etmək və onlarla vidalaşmaq üçün qatara minib. Onlar qatar yola düşməzdən əvvəl platformaya qayıdacaqlarını düşünsələr də, saat 09:30-da avtomatik qapılar bağlanıb və qatar hərəkətə başlayıb. Həmin şəxslərin heç birinin bileti olmayıb.

Vəziyyəti anlayan sərnişinlər dəmiryolu əməkdaşlarından kömək istəyiblər. Təsadüfi sərnişinlər arasında qadın və uşaqların olması da narazılığa səbəb olub.

Dəmiryolu xidməti dispetçerlərlə əlaqə saxladıqdan sonra qatarın marşrut üzrə Etaava şəhərində plandankənar dayanmasına qərar verilib. Qatar saat 10:49-da stansiyaya çatanda 12 nəfəri polis əməkdaşları qarşılayıb. Onlar vaqonlardan çıxarılaraq nəqliyyat polisinin bölməsinə aparılıblar.

Biletsiz səfərə görə hər bir şəxs 3 min rupi (ümumilikdə 36 min rupi) cərimə ödəyib. Bundan sonra onların sərbəst buraxıldığı bildirilir.

Dəmiryolu rəsmiləri xatırladıblar ki, qatar yola düşməzdən əvvəl qapıların bağlanacağı barədə sərnişinlərə xəbərdarlıq edilir. Vaxtında düşə bilməyən şəxslərdən marşrut üzrə gediş haqqı və əlavə cərimə tələb oluna bilər.