Türkiyənin "Trabzonspor" klubu İtaliya "İnter"ində çıxış edən Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlunu heyətinə qatmaq niyyətindədir.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "Fanatik" nəşri məlumat yayıb.
Məlumata görə, daha əvvəl "Fənərbağça" və "Qalatasaray"ın maraq dairəsində olduğu bildirilən 32 yaşlı yarımmüdafiəçi ilə bu dəfə "Trabzonspor"un maraqlandığı iddia edilir.
Baş məşqçi Tomas Reysin transfer siyahısına uyğun olaraq hərəkət edən klub rəhbərliyi qış transfer pəncərəsində orta xətti gücləndirməyi planlaşdırır. İddialara əsasən, "Trabzonspor"un prezidenti Ertuğrul Doğan Hakan Çalhanoğlu ilə artıq danışıqlar da aparıb.
İtaliyanın "FcInterNews" nəşrinin yazdığına görə, Doğan futbolçuya "İnter"də aldığı illik 6,5 milyon avro məbləğində maaşı ödəməyi təklif edib. Türkiyə klubu transferi yanvar ayında reallaşdırmaq istəyir.
Qeyd edək ki, Hakan Çalhanoğlunun "İnter"lə müqaviləsi cari mövsümün sonunda başa çatır. İtaliya təmsilçisinin futbolçu ilə yeni müqavilə imzalamaq variantını nəzərdən keçirdiyi, yarımmüdafiəçinin isə karyerasını İtaliyada davam etdirməyə müsbət yanaşdığı bildirilir.
Əgər transfer qışda baş tutarsa, "Trabzonspor"un "İnter"lə razılığa gəlməsi vacib olacaq. Mövsümün sonunda isə futbolçu azad agent statusu ala bilər. Hələlik klublardan məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.



