İngiltərənin Durham qraflığında iki yaşlı Laylah Hatch-in narkotik maddə qəbul etməsi nəticəsində həyatını itirməsi ilə bağlı məhkəmə prosesi başa çatıb. Kiçik qızın anası və onun narkotik alverçisi olan sevgilisi ümumilikdə 19 ildən artıq müddətə azadlıqdan məhrum ediliblər.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "Milliyet" nəşri məlumat yayıb.
Faciə 2024-cü ilin aprelində Billingham şəhərində baş verib. Məhkəmə materiallarına görə, anası Jodie Hatch-in 30 yaşlı sevgilisi Dale Mathie-nin evində qalan Laylah içdiyi süddən sonra qusaraq huşunu itirib. O, öz qusuntusunda boğulub. Tibbi personalın müdaxiləsinə və xəstəxanaya çatdırılmasına baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb.
Teesside Ağır Cinayətlər Məhkəməsində açıqlanan ekspertiza nəticələri hadisənin dəhşətli təfərrüatlarını üzə çıxarıb. Məlum olub ki, uşağın qanında marixuana və ekstazi ilə yanaşı, hətta yetkin insan üçün ölümcül ola biləcək miqdarda kokain də olub.
Araşdırma zamanı Laylahın ölümündən əvvəl dəfələrlə narkotik maddələrin təsirinə məruz qaldığı müəyyən edilib.
Məhkəmə sənədlərində qeyd olunub ki, uşağın ölümündən bir neçə gün əvvəl evdə açıq vəziyyətdə saxlanılan marixuanalı konfet yediyi və 17 saat ərzində huşsuz qaldığı məlum olub. Bundan başqa, polis Dale Mathie-nin telefonunda azyaşlının narkotik təsiri altında olduğu vaxt çəkilmiş videolar aşkarlayıb.
Prokuror Riçard Rayt bildirib ki, Mathie-nin yaşadığı mənzildə güclü marixuana qoxusu olub, kokain, amfetamin və digər narkotik vasitələr uşaqların asanlıqla çata biləcəyi yerlərdə saxlanılıb.
Kokainin uşağın qidalandığı butulkaya qəsdən əlavə edildiyi, yoxsa evdəki narkotik maddələr səbəbindən südə qarışdığı dəqiq müəyyənləşdirilməyib. Bununla belə, prokurorluq hadisənin qarşısı alına bilən təhlükəli şəraitin nəticəsi olduğunu vurğulayıb. Hadisədən sonra evdəki narkotiklərlə bağlı sübutların məhv edilməsinə cəhd göstərildiyi də üzə çıxıb.
Uşağa qarşı qəddar rəftar və narkotik maddələrin dövriyyəsi ilə bağlı ittihamları qəbul edən Dale Mathie 13 il 9 ay müddətinə həbs edilib. Onun başqa iki gəncə qarşı törətdiyi zorakılıq cinayəti də hökm zamanı nəzərə alınıb.
Hadisə baş verən zaman 18-19 yaşlarında olan ana Jodie Hatch isə uşağa qarşı qəddar rəftar və narkotik vasitələrin tədarükündə iştirak ittihamları üzrə 5 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.
Mathie-nin digər zorakılıq cinayətindəki şəriki Brandon Jameson da 2 il 6 ay həbs cəzası alıb.
İstintaqa rəhbərlik edən baş müfəttiş Kris Prinqll qərardan sonra bildirib ki, hər bir uşaq öz evində təhlükəsiz şəraitdə yaşamalıdır. Onun sözlərinə görə, azyaşlının asanlıqla əldə edə biləcəyi narkotik maddələrin evdə saxlanılması son dərəcə təhlükəli mühit yaradıb.
Prinqll əlavə edib ki, heç bir cəza Laylahı geri qaytara bilməz, lakin məhkəmənin qərarının uşağın yaxınlarına müəyyən qədər təsəlli verəcəyinə ümid edir.



