Qarabaşaq sıyığı bir çox insanın gündəlik qida rasionunda yer alsa da, onun hazırlanması adətən eyni qaydada həyata keçirilir. Halbuki bir neçə sadə üsul və fərqli inqrediyentlərlə bu yeməyi daha dadlı və iştahaçan etmək mümkündür.
Demokrat.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.
Məlumata görə, qarabaşağın dadını yaxşılaşdırmağın ən sadə yollarından biri onu bişirməzdən əvvəl tavada qovurmaqdır. Bunun üçün yuyulmuş qarabaşaq əvvəlcədən qızdırılmış quru tavaya tökülür və orta istilikdə 3-5 dəqiqə ərzində, davamlı qarışdırılaraq qovrulur.
Daha sonra yarma bir ölçü qarabaşağa iki ölçü su nisbətində bişirilir. Təxminən 15 dəqiqə ərzində hazır olan sıyıq qovurma prosesi sayəsində yüngül qoz ətri və daha zəngin dad əldə edir. Hətta əlavə inqrediyentlərdən istifadə etmədən də bu üsulla dadlı qarnir hazırlamaq mümkündür.
Qarabaşağa hansı məhsulları əlavə etmək olar?
Qovrulmuş qarabaşağın dadını daha da artırmaq üçün bir neçə məhsuldan istifadə etmək tövsiyə olunur.
İlk seçim kərə yağıdır. Onu kiçik hissələrə bölərək isti sıyığa əlavə etmək olar. Kərə yağı yeməyə daha yumşaq dad və zərif tekstura verir.
Digər uyğun seçim soğan və kökdən hazırlanmış qovurmadır. Bunun üçün tərəvəzlər xırda doğranaraq bitki yağında bir neçə dəqiqə qızardılır və hazır qarabaşağa əlavə edilir. Daha sonra qazanın qapağını bağlayaraq yeməyi 10 dəqiqə saxlamaq məsləhətdir. Bu müddətdə tərəvəzlərin ətri və dadı sıyığa hopur.
Qarabaşağa fərqli dad vermək istəyənlər soya sousundan da istifadə edə bilərlər. Adətən düyü ilə təqdim edilən bu sous qarabaşağa da xüsusi ləzzət qatır. Xüsusilə göbələk və ya ətlə birlikdə təqdim edildikdə yaxşı nəticə verir.
Lakin soya sousunun kifayət qədər duzlu olduğunu nəzərə almaq lazımdır. Buna görə onu hazır yeməyə hər dəfə bir xörək qaşığı olmaqla əlavə etmək və bişirmə zamanı əlavə duzdan istifadə etməmək tövsiyə olunur.
Beləliklə, sadə qarabaşaq sıyığını fərqli üsullarla hazırlamaqla həm gündəlik menyunu zənginləşdirmək, həm də bu yeməyə adətən üstünlük verməyənlərin belə marağını cəlb etmək mümkündür.



