YapiKredi Müraciət Forması
Mazda CX-5
Sağlamlıq Özəl

Psixopatlar ilk görüşdə niyə daha cəlbedici görünürlər? - Alimlər səbəbini açıqladı

Psixopatlar ilk görüşdə niyə daha cəlbedici görünürlər? - Alimlər səbəbini açıqladı

Psixopatik və sadist xüsusiyyətləri daha qabarıq olan insanlar ilk tanışlıq zamanı qarşı tərəfdə daha müsbət təəssürat yarada və ikinci görüşə dəvət almaq ehtimalını artıra bilirlər. Alimlər bunu həmin şəxslərin xarici görünüşü, yumor hissi və ünsiyyət bacarıqları ilə əlaqələndirirlər.

Demokrat.az xəbər verir ki, bu qənaətə ABŞ-ın Alabama Universitetinin psixoloqları gəlib. Araşdırmanın nəticələri "Journal of Research in Personality" elmi jurnalında dərc olunub.

Tədqiqatda 129 nəfər iştirak edib. Onlar əvvəlcə psixopatik və sadist xüsusiyyətlərin səviyyəsini müəyyənləşdirmək üçün psixoloji testlərdən keçiblər. Daha sonra səkkiz sürətli tanışlıq tədbiri çərçivəsində ümumilikdə 561 görüş keçirilib. Hər görüş təxminən üç dəqiqə davam edib.

İştirakçılar tanış olduqları şəxsləri fiziki cəlbedicilik, intellekt, yumor hissi, ambisiya və mehribanlıq kimi xüsusiyyətlərə görə qiymətləndirib, həmçinin həmin insanla yenidən görüşmək istəyib-istəmədiklərini bildiriblər.

Nəticələr göstərib ki, psixopatik xüsusiyyətlərin göstəricisinin bir standart kənarlaşma artması ikinci görüşə dəvət alma ehtimalını 24,6 faiz yüksəldib. Sadist xüsusiyyətlər üzrə eyni artım isə bu ehtimalın 28,4 faiz çoxalması ilə əlaqələndirilib.

Cəlbediciliyin əsas səbəbi nədir?

Tədqiqatçılar hesab edirlər ki, bu nəticələr həmin şəxslərin mənfi xarakter xüsusiyyətlərindən deyil, ilk görüş zamanı yaratdıqları müsbət təəssüratdan qaynaqlanır. Belə insanlar daha çox fiziki cəlbedici, zarafatcıl və ekstravert kimi qəbul ediliblər.

Alimlərin fikrincə, qısa tanışlıq zamanı onların şəxsiyyətindəki mənfi cəhətlər üzə çıxmaya bilər. Bundan başqa, bu xüsusiyyətlərə malik insanlar stresli situasiyalarda özlərini daha rahat hiss edə, buna görə də daha inamlı, sərbəst və ünsiyyətcil görünə bilərlər.

Bununla belə, araşdırmada fiziki görünüşün təsiri daha güclü olub. Belə ki, ikinci görüş qərarına fiziki cəlbediciliyin təsiri digər amillərlə müqayisədə təxminən altı dəfə çox qiymətləndirilib.

Tədqiqat müəllifləri vurğulayırlar ki, ilk görüşdə yaranan müsbət təəssürat insanın xarakterini tam qiymətləndirmək üçün kifayət etmir. Daha uzunmüddətli ünsiyyət zamanı ilkin təəssüratdan fərqli xüsusiyyətlər üzə çıxa bilər.