YapiKredi Müraciət Forması
Mazda CX-5
Kriminal Özəl

"Rədd ol" sözünə görə boşanmış arvadını döydü

Rədd ol sözünə görə boşanmış arvadını döydü

Cəlilabad rayonunda 43 yaşlı kişi keçmiş həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Cəlilabad rayonunun Göytəpə şəhərində baş verib. 1983-cü il təvəllüdlü Nəcməddin keçmiş həyat yoldaşı Reyhanın uşaqları ilə görüşməsinə icazə verməməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı onun sol ayaq nahiyəsinə qəsdən bir neçə dəfə ayaq zərbəsi endirib və xəsarət yetirib.

Nəcməddin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Nəcməddin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində bildirib ki, Reyhanla 2008-ci ildə ailə həyatı qurub:

"Bu evlilikdən 2010-cu ildə Leyla, 2012-ci ildə Hüseyn və 2016-cı ildə Ləman dünyaya gəlib. Əvvəllər münasibətlərimiz yaxşı olub. Lakin ailədaxili problemlərə görə münasibətlərimiz sonradan pozuldu. Buna görə də biz 2025-ci ilin iyul ayında boşandıq".

Nəcməddinin sözlərinə görə, məlum hadisə günü siqareti bitdiyi üçün yaşadığı evdən çıxaraq Göytəpə şəhərinin mərkəzində yerləşən dükana gedib:

"Oradan siqaret alaraq evə qayıdan zaman qarşımda Reyhanın getdiyini gördüm və ona arxadan yaxınlaşdım. Reyhanı çağıraraq bir dəqiqə gözləməsini və ona sözüm olduğunu dedim. Amma Reyhan mənə "rədd ol, get buradan" deyərək yoluna davam etmək istəyəndə çiynində olan çantadan tutaraq özümə tərəf çəkdim.

Reyhana uşaqlarımla görüşməyə hansı səbəbdən icazə vermədiyini, bayram ərəfəsi olduğunu və onları görmək istədiyimi dedim. Reyhan uşaqların məni görmək istəmədiyini bildirdi. Bu məzmunda aramızda mübahisə yarandı və Reyhan məni heç bir səbəb olmadan nalayiq ifadələrlə təhqir etməyə başladı".

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Reyhanla aralarında mübahisə yaranıb və mübahisə zamanı əsəbiləşərək sağ ayağı ilə onun sol ayaq nahiyəsinə bir dəfə zərbə endirib:

"Reyhanın büdrədiyini gördüm və oradan çıxaraq yaşadığım evə gəldim. Mən Reyhanı heç bir səbəb olmadan təhqir etməmişəm və onu sinəsindən itələməmişəm. Əməlimdən sonradan peşman olmuşam".

İş üzrə zərərçəkmiş Reyhanın sözlərinə görə, ailə həyatı qurduqdan sonra Nəcməddin ilk gündən ona kobud davranaraq mübahisələr yaradıb və buna görə münasibətləri pis olub.

O bildirib ki, ailə qurduqdan sonra valideynləri boşanmalarına icazə vermədiyi üçün Nəcməddinin hərəkətlərinə bir təhər dözüb:

"Lakin son zamanlar daha da aqressivləşdiyi üçün artıq qəti olaraq boşanmaq qərarına gəldim və 2025-ci ilin iyul ayında Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə rəsmi olaraq boşandıq.

Boşandıqdan sonra Cəlilabad rayonunun Göytəpə şəhərində aylığı 100 manat olmaqla kirayə mənzil tutdum və hazırda uşaqlarım və anamla birlikdə həmin evdə kirayədə yaşayıram".

Zərərçəkmiş qeyd edib ki, məlum hadisə günü saat 17 radələrində işdən çıxıb və evə doğru getməyə başlayıb:

"Təxminən marketdən 300-400 metr aralandıqdan sonra keçmiş həyat yoldaşım Nəcməddinin arxamca gəldiyini gördüm. O, arxadan yaxınlaşaraq gödəkçəmdən tutdu və arxaya dartdı. Məni heç bir səbəb olmadan təhqir etməyə başladı və sinəmdən itələdi.

Nəcməddindən nə istədiyini soruşdum. O, "Mənimlə boşansan da, səni yaşamağa qoymayacağam" dedi. Bir daha boşandığımızı, artıq birlikdə ola bilməyəcəyimizi bildirdim.

Bundan sonra Nəcməddin məni təhqir edərək yumruq zərbələri ilə sinə, qol və kürək nahiyəmə bir neçə dəfə vurdu. Daha sonra sol ayağıma bir neçə dəfə təpiklə zərbə endirdi. Mənim səndələyərək yıxılacağımı, həmçinin kənar şəxslərin ətrafa toplaşdığını gördü. Buna görə də oradan qaçaraq uzaqlaşdı".

Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə Nəcməddin 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Fariz Məlikli

Editor
Redaktor