Türkiyəli müğənni Yusuf Güney bu dəfə Peru səfəri zamanı içdiyi bitki çayına görə məhkəmə qarşısına çıxıb. Sənətçi həmin çayla bağlı açıqlamalarına görə 10 ilədək həbs cəzası tələbi ilə üzləşib.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin TGRT Haber nəşri məlumat yayıb.
Məlumata görə, hadisə müğənninin Peru səfəri zamanı içdiyi ayahuasca bitkisi ilə bağlıdır. Güney daha əvvəl qatıldığı bir proqramda bu bitki haqqında danışıb. Onun açıqlamaları isə qadağan olunmuş maddələrlə bağlı araşdırmaya səbəb olub.
İstanbulda keçirilən məhkəmə iclasında Yusuf Güney də ifadə verib. O, Türkiyəni çox sevdiyini, ölkə vətəndaşlığından imtina etmədiyini və gələcəkdə də Türkiyəyə qayıtmaq istədiyini bildirib. Müğənni mövcud vəziyyətin xaricdəki konsertlərinə də mane olduğunu deyib.
Güneyin vəkili Feyza Kayadibi isə müdafiə çıxışında müvəkkilinin ayahuasca bitkisini qədim müalicə vasitəsi kimi tanıdığını, onun qadağan olunduğunu bilmədiyini və heç kimi bu maddədən istifadəyə təşviq etmək niyyətinin olmadığını bildirib. Vəkil müğənninin bəraət almasını və barəsindəki məhkəmə nəzarəti tədbirlərinin ləğvini istəyib.
Məhkəmə Yusuf Güney barəsində tətbiq edilən nəzarət tədbirlərinin davam etdirilməsinə və iş üzrə mütaliənin hazırlanması üçün materialların prokurorluğa göndərilməsinə qərar verib.
Qeyd edək ki, müğənniyə qarşı irəli sürülən ittiham üzrə hələ yekun hökm açıqlanmayıb.



