Azərbaycan universitetlərinin beynəlxalq reytinqdə təmsilçiliyi genişlənib. Ölkəmizin 9 ali təhsil müəssisəsi QS Dayanıqlılıq Reytinqində yer alıb.
Demokrat.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, "Quacquarelli Symonds" (QS) beynəlxalq reytinq agentliyi "QS Dayanıqlılıq Reytinqi 2027"nin nəticələrini açıqlayıb. Bu il 107 ölkədən 2000-dən çox ali təhsil müəssisəsinin daxil olduğu siyahıda Azərbaycanın 9 universiteti təmsil olunub. Ötən il bu göstərici 8 olub.
Reytinqdə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti, Qərbi Kaspi Universiteti və Sumqayıt Dövlət Universiteti yer alıb.
Azərbaycan universitetləri arasında ən yüksək nəticəni UNEC göstərib. Universitet dünya reytinqində 582-ci pillədə qərarlaşıb. Bu, ötən illə müqayisədə 144 pillə irəliləyiş deməkdir.
Bundan başqa, Bakı Dövlət Universiteti "Ekoloji dayanıqlılıq" indikatoru üzrə dünya universitetləri arasında 152-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan ali təhsil müəssisələri reytinqin "İdarəetmə", "Ekoloji dayanıqlılıq" və "Ekoloji təhsil" göstəriciləri üzrə də nəticələr əldə ediblər.



