YapiKredi Müraciət Forması
Mazda CX-5
Təhsil Özəl

Elçin Babayev tələbələrin yaddaşında necə qalıb? — Sorğu

Elçin Babayev tələbələrin yaddaşında necə qalıb? — Sorğu

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru Elçin Babayevin tələbələrlə münasibəti, universitetdəki fəaliyyəti və şəxsi keyfiyyətləri ilə bağlı tələbələr arasında müsbət fikirlər səsləndirilir. Onlar Elçin Babayevin sadəliyini, səmimiyyətini, tələbələrə diqqətini və xoş münasibətini xüsusi vurğulayırlar.

Bəs tələbələr Elçin Babayevi necə xatırlayırlar?

Demokrat.az Bakı Dövləti tələbələri və məzunları arasında sorğu keçirib.

BDU-nun tələbəsi Nərgiz Camalzadə Elçin Babayevin tələbələrlə münasibəti, sadəliyi və universitetdəki fəaliyyəti ilə yadda qaldığını bildirib.

"Tələbələri anlayan, onlarla ünsiyyət quran, problemlərini bilən bir insanın bu quruma rəhbərlik etməsi müsbət nəticələr verə bilər. Elçin müəllimin yeni vəzifəsində də uğurlu olacağına inanıram".

BDU-nun məzunu Bənövşə Həsənova Elçin Babayevin tələbəcanlı, səmimi və tələbələrə yaxın insan olduğunu qeyd edib. Onun sözlərinə görə, Elçin Babayev tələbələrlə münasibəti, sadəliyi, hər kəslə mehriban davranması və onlara göstərdiyi diqqətlə seçilirdi. Həsənova bildirib ki, Elçin müəllimin tələbələrlə ünsiyyəti və hər zaman xoş münasibət sərgiləməsi onu digər rəhbərlərdən fərqləndirən əsas xüsusiyyətlərdən olub.

"Tələbələrə münasibəti, sadəliyi, hər kəslə mehriban davranması onu fərqləndirirdi".

BDU-nun tələbəsi Səma Qədim Elçin müəllimin sadə, səbirli, təmkinli və gözəl insan olduğunu vurğulayıb. O, universitetin həyətində işləyərkən Elçin Babayevlə qarşılaşdığı anları xatırladıb:

"Universitetin həyətində işləyərkən hər dəfə qarşılaşanda salam verər, ‘Yorulmayasınız" deyərdi. Bu cür münasibət insanın yaddaşında qalır. Vəzifəsindən getsə də, ona olan hörmətimiz hər zaman qalacaq. Yeni vəzifəsində də uğurlar arzulayıram".

BDU-nun tələbəsi Fatimə Lətifi isə Elçin Babayevin alicənablığı, sadəliyi və səmimiyyəti ilə seçildiyini bildirib:

"BDU-da keçirdiyim 4 il ərzində Elçin müəllimlə bir neçə dəfə qarşılaşmışıq. Çox alicənab, sadə və səmimi insan idi. Hər zaman tələbələrlə xoş rəftar edər, onlara diqqət və hörmətlə yanaşardı. Universitetdə rəhbər vəzifədə olmasına baxmayaraq, sadəliyi ilə seçilirdi. Yolunuz açıq olsun, yeni fəaliyyətinizdə uğurlar arzulayıram!"

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, professor Qulu Məhərrəmli isə Məleykə Abbaszadənin DİM-ə rəhbərlik fəaliyyətini yüksək qiymətləndirib. O, sosial media hesabında DİM-in Azərbaycan şəraitində ən şəffaf qurumlardan biri, Məleykə Abbaszadənin isə test üsulunun obyektivliyini və təmizliyini inadla qoruyan, neqativ hallara qarşı müqavimət göstərə bilən ən vicdanlı məmurlardan biri olduğunu bildirib:

"Məmləkətdə bu quruma müştəri gözü ilə baxanların sayı az deyil. Tanrı DİM-i gələcək təhlükələrdən qorusun!"

Fidan Hacızadə

Editor
Redaktor