YapiKredi Müraciət Forması
Mazda CX-5
İnfrastruktur Özəl

Bakıda sürüşmə riski yüksək olan ərazilər açıqlandı

Bakıda sürüşmə riski yüksək olan ərazilər açıqlandı

Bakıda bəzi yaşayış massivləri relyefin xüsusiyyətləri, torpaq qatının geoloji quruluşu, yeraltı suların səviyyəsi və tikinti sıxlığı səbəbindən sürüşmə riski baxımından daha həssas hesab olunur. Xüsusilə yamaclarda və sürüşmə zonalarına yaxın ərazilərdə yerləşən yaşayış evləri ilə bağlı narahatlıqlar vaxtaşırı gündəmə gəlir.

Bakıda hansı yaşayış massivləri sürüşmə riski baxımından daha həssas hesab olunur?

Əmlak eksperti Elnur Azadov Demokrat.az-a açıqlamasında bildirib ki, sürüşmə riski baxımından Bakıda daha çox təhlükəli hesab olunan ərazilər paytaxtın yamac zonalarında yerləşir.

Onun sözlərinə görə, bu ərazilərin başında Badamdar qəsəbəsinin müəyyən hissələri gəlir:

"Eyni zamanda, Bayıl qəsəbəsinin ayrı-ayrı sahələri və 20-ci Sahə yaşayış massivinin ətrafı da sürüşmə təhlükəsi baxımından həssas ərazilər sırasındadır. Bununla yanaşı, Yeni Yasamal ərazisində də müəyyən nöqtələrdə sürüşmə riski mövcuddur. Yasamal rayonunun digər yamac hissələrində, eləcə də Xətai rayonunun bəzi ərazilərində bu cür təhlükəli zonalara rast gəlinir".

Ekspert vurğulayıb ki, lakin sürüşmə ehtimalı bütün ərazilər üçün eyni deyil:

"Risk əsasən ərazinin relyefindən, yamacın geoloji xüsusiyyətlərindən və torpaq qatının vəziyyətindən asılıdır".

Qeyd edək ki, paytaxtın Səbail rayonunda Badamdar sürüşmə sahəsinə (Badamdar şosesi) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən baxış keçirilib. Növbəti vizual baxış zamanı ərazidə sürüşmə prosesinin hazırda aktiv fazada olduğu müəyyən edilib. Bildirilib ki, bununla əlaqədar, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən aidiyyəti dövlət qurumlarına sürüşmə prosesinin dinamikası və aktivliyinin artması ehtimalı nəzərə alınaraq, ərazidə olan insanların təhlükəsiz yerə təxliyə edilməsi və yaxınlıqda yerləşən obyektlərin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə rəsmi müraciət edilib.