Azərbaycanda evini və ya digər əmlakını kirayəyə verən fiziki şəxslərə vergi hesablanarkən çəkdikləri xərcləri gəlirdən çıxmaq imkanı yaradılması təklif olunur. Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib. Yeni qaydadan yararlanmaq üçün ev sahibləri vergi uçotuna alınmalı və bəyannamə təqdim etməlidirlər.
Maraqlıdır, bu dəyişiklik evini kirayəyə verənlərin vergi yükünü nə dərəcədə azaldacaq? Hansı xərclər gəlirdən çıxıla biləcək və yeni mexanizm kirayə bazarına, eləcə də mənzil qiymətlərinə necə təsir göstərəcək? Bu dəyişiklik ev sahibləri üçün nə dərəcədə sərfəli olacaq?
Əmlak eksperti Firdovsi Xəlilov Demokrat.az-a açıqlamasında bildirib ki, Vergi Məcəlləsinə təklif olunan bu dəyişiklik daşınmaz əmlak bazarında kölgə iqtisadiyyatının azaldılması və kirayə münasibətlərinin leqallaşdırılması istiqamətində atılmış mühüm addımdır.

Onun sözlərinə görə, mexanizmin praktikada nə dərəcədə effektiv olacağı və ev sahibləri üçün hansı iqtisadi üstünlüklər yaradacağı bir sıra mühüm amillərdən asılıdır:
"Yeni dəyişiklik evini kirayəyə verən şəxslərə vergi ödəmək üçün iki fərqli seçim təqdim edir. Birinci variantda ev sahibi kirayədən əldə etdiyi ümumi gəlirin 10 faizini vergi kimi ödəyir. Bu zaman heç bir xərc gəlirdən çıxılmır. Qeyri-yaşayış sahələri üçün isə 14 faizlik vergi dərəcəsi dəyişməz qalır. Əvvəlki 14 faizlə müqayisədə bu, mənzilini kirayəyə verənlər üçün vergi yükünün azalması deməkdir.
Digər variantda isə ev sahibi vergi uçotuna alınaraq mənzillə bağlı çəkdiyi və rəsmi sənədlərlə təsdiqlənən xərcləri kirayə gəlirindən çıxmaq imkanı əldə edir. Bu halda 20 faizlik gəlir vergisi ümumi kirayə məbləğinə deyil, xərclər çıxıldıqdan sonra qalan gəlirə tətbiq olunur. Məsələn, mənzil yeni təmir edilibsə, mebel alınıbsa və ya digər ciddi xərclər çəkilibsə, həmin məbləğlər sənədləşdirilməklə vergitutma bazasından çıxıla bilər. Xərclərin kirayə gəlirinin yarısından çox olduğu hallarda ikinci variant ev sahibi üçün daha sərfəli ola bilər.
Əgər mənzil artıq təmirli və yaşayış üçün hazır vəziyyətdədirsə, əlavə xərclər də azdırsa, bu halda ümumi kirayə gəlirinin 10 faizini vergi kimi ödəmək daha rahat və məqsədəuyğundur. Xərclərin gəlirdən çıxılması variantından yararlanmaq üçün isə həmin xərclər mənzilin kirayəyə verilməsi ilə birbaşa bağlı olmalı və rəsmi sənədlərlə təsdiqlənməlidir. Buraya mənzilin cari və əsaslı təmiri, tikinti materiallarının və usta xidmətlərinin ödənişi, kirayə məqsədilə alınan mebel və məişət texnikası, mənzilin sığortası, komendant və servis haqları, vasitəçi xidmətlərinə görə ödənilən komissiyalar, eləcə də müqaviləyə əsasən ev sahibinin üzərinə düşən kommunal xərclər daxildir.
Kirayə vergisinin 14 faizdən 10 faizə endirilməsi bazarda müəyyən qədər şəffaflığın yaranmasına səbəb ola bilər. Hazırda Bakıda kirayə mənzillərin böyük hissəsi rəsmi müqavilə olmadan və vergi ödənilmədən icarəyə verilir. Yeni dəyişiklik bəzi ev sahiblərini fəaliyyətlərini rəsmiləşdirməyə təşviq edə bilər. Bununla belə, vergi güzəştinin kirayə qiymətlərini aşağı salacağı gözlənilmir. Əksinə, indiyədək vergi ödəməyən bəzi mülkiyyətçilər yeni qaydalarla yaranacaq 10 faizlik vergi yükünü kirayə haqqına əlavə etməyə çalışa bilərlər. Bu da bazarın müəyyən seqmentlərində qiymətlərin 5-10 faizədək artmasına səbəb ola bilər.
Mənzil bazarına gəlincə, bu dəyişikliyin qiymətlərə birbaşa və ciddi təsir göstərəcəyi düşünülmür. Çünki mənzil qiymətlərini əsasən tikinti xərcləri, torpaq sahələrinin məhdudluğu, ipoteka şərtləri və investisiya tələbi müəyyənləşdirir. Bununla belə, kirayə gəliri əldə etmək məqsədilə mənzil alan şəxslər üçün vergi yükünün azalması daşınmaz əmlaka investisiya marağını müəyyən qədər artıra bilər.
Digər tərəfdən, 10 faizlik vergi dərəcəsi də mövcud bazar reallıqları baxımından yüksək hesab olunur. Azərbaycanda mənzilin alış qiyməti ilə ondan əldə edilən illik kirayə gəliri arasındakı nisbət təxminən 3-4 faiz təşkil edir. Belə bir şəraitdə yüksək vergi yükü mülkiyyətçiləri kirayə fəaliyyətini rəsmiləşdirməyə həvəsləndirmir. Buna görə də bazarda şəffaflığın təmin olunması üçün vergi və rüsumların daha aşağı, stimullaşdırıcı səviyyədə müəyyənləşdirilməsi vacibdir.
Kirayə bazarının rəsmiləşdirilməsinə mane olan əsas məsələlərdən biri də ölkədəki sənədsiz mənzillərlə bağlıdır. Bakı və ətraf ərazilərdə təxminən 500 minə yaxın çıxarışsız ev və mənzilin olduğu bildirilir. Kirayə dövriyyəsinin əhəmiyyətli hissəsinin də məhz bu mənzillərin payına düşdüyünü nəzərə alsaq, onların hüquqi baxımdan prosesdən kənarda qalması bazarın tam şəffaflaşmasına mane olur. Kommunal abonent kodları, bələdiyyə və MTK sənədləri əsasında faktiki sahibliyi təsdiqlənən mənzillərin də kirayə müqaviləsi bağlamasına və vergi ödəməsinə imkan yaradılmalıdır.
Bununla yanaşı, kirayə münasibətlərinin rəsmiləşdirilməsi zamanı mövcud bürokratik prosedurların sadələşdirilməsinə ehtiyac var. Ev sahibinin VÖEN alması, bəyannamə təqdim etməsi, kirayəçi ilə birlikdə ASAN Xidmətə müraciət etməsi və əlavə rüsumlar ödəməsi prosesi çətinləşdirir. Müqavilənin müddəti başa çatdıqda və ya kirayəçi mənzildən çıxdıqda qeydiyyatla bağlı yenidən prosedurlardan keçmək də həm mülkiyyətçi, həm də kirayəçi üçün əlavə vaxt itkisi yaradır.
Bu baxımdan, dövlət tərəfindən xüsusi elektron platformanın yaradılması daha məqsədəuyğun olardı. Belə bir mobil tətbiq vasitəsilə ev sahibi və kirayəçi ASAN İmza və ya SİMA ilə bir neçə dəqiqə ərzində müqaviləni təsdiqləyə bilər. Kirayə haqqı bank kartı və ya tətbiq üzərindən ödənildikdə verginin avtomatik tutulması da mümkündür. Bu halda VÖEN və bəyannamə ilə bağlı əlavə prosedurlara ehtiyac azalacaq. Eyni zamanda, elektron müqavilə əsasında kirayəçinin yaşayış yeri üzrə qeydiyyatı da onlayn həyata keçirilməli, müqavilə başa çatdıqda isə qeydiyyatın ləğvi prosesi asanlaşdırılmalıdır.
Yalnız vergi və rüsumların azaldılması, sənədsiz mənzillərin də sistemə cəlb edilməsi və rəsmiləşdirmə prosedurlarının sadələşdirilməsi ilə kirayə bazarında real şəffaflığa nail olmaq mümkündür".



