YapiKredi Müraciət Forması
Mazda CX-5
Təhsil

Abel Məhərrəmovdan Məleykə Abbaszadənin təyinatına reaksiya

Abel Məhərrəmovdan Məleykə Abbaszadənin təyinatına reaksiya

Dövlət İmtahan Mərkəzinin (DİM) rəhbəri Məleykə Abbaszadənin Bakı Dövlət Universitetinə (BDU) rektor təyin olunması təhsil ictimaiyyətində müzakirə olunan məsələlərdəndir.

BDU-nun sabiq rektoru Abel Məhərrəmov bu təyinatla bağlı modern.az-a açıqlamasında Məleykə Abbaszadənin təhsil sahəsində özünəməxsus mövqeyi və idarəçilik prinsipləri olduğunu bildirib.

Onun sözlərinə görə, Abbaszadənin DİM-dəki fəaliyyəti, xüsusilə ali məktəblərə qəbul prosesində formalaşdırdığı sistem onun peşəkarlığını və bu sahədə qazandığı etimadı göstərir.

"Prezident qərar verib, sərəncam imzalanıb. Bu, müzakirə mövzusu deyil. Mən bu təyinatı təhsilin içindən gələn insan kimi təqdir edirəm".

Abel Məhərrəmov hesab edir ki, yeni rektorun təhsil və elm sahəsindəki təcrübəsi BDU-nun idarə olunmasında mühüm rol oynaya bilər.

"O, elmin, təhsilin dəyərini, bu sahədə məsuliyyətin nə demək olduğunu yaxşı bilir. Dövlət İmtahan Mərkəzində uzun illər fəaliyyəti, ali məktəblərə qəbul prosesində yaratdığı sistem, gördüyü işlər bütövlükdə cəmiyyət tərəfindən qəbul olunub və ona ciddi etimad qazandırıb" - deyə A. Məhərrəmov bildirib.

Sabiq rektor Məleykə Abbaszadə ilə uzun müddət birgə işlədiyini xatırladaraq onun şəxsi və peşəkar keyfiyyətlərinə də diqqət çəkib. O, yeni rəhbərin tələbkarlığının və prinsipiallığının universitetdə iş prosesinə müsbət təsir göstərəcəyinə inandığını vurğulayıb.

"Tale elə gətirib ki, Məleykə xanımla uzun müddət birgə əməkdaşlıq etmişik. Onu yaxından tanıdığıma görə deyə bilərəm ki, ciddi mövqeyi, tələbkarlığı, işə münasibəti və prinsipiallığı ilə seçilən insandır. O, hər zaman işini bilənləri, işinə sevgi ilə yanaşanları, zəhməti və peşəkarlığı müsbət qiymətləndirib".

Abel Məhərrəmovun fikrincə, Məleykə Abbaszadənin qarşıdakı fəaliyyətində əsas məsələlərdən biri universitet kollektivinin etimadını qazanmaq və mövcud idarəçilik prinsiplərini BDU-nun akademik mühitinə uyğun şəkildə davam etdirmək olacaq.

"Əminəm ki, Məleykə xanım Bakı Dövlət Universitetində də öz iş prinsipini davam etdirəcək. Universitet kollektivinin sevgisini və etimadını qazanacaq. Müəllimlərin, tələbələrin onun fəaliyyətindən razı qalacağına inanıram" - sonda Abel Məhərrəmov bildirib.

Editor
Redaktor