Xaricdən avtomobil sifariş edən vətəndaşlar bəzən vasitəçilərlə əməkdaşlıq zamanı pul itkisi və avtomobilin gecikdirilməsi kimi problemlərlə üzləşirlər. Xüsusilə əvvəlcədən ödəniş tələb olunan hallarda alıcıların riskləri artır.
Xaricdən avtomobil sifariş edən vətəndaşlar hansı təhlükəsizlik mexanizmlərindən istifadə etməlidirlər?
Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, xaricdən avtomobil sifariş edən vətəndaş ilk növbədə müraciət etdiyi şirkətin Azərbaycanda rəsmi qeydiyyatda olub-olmadığını araşdırmalıdır.

Onun sözlərinə görə, VÖEN-in riskli vergi ödəyiciləri siyahısında olub-olmaması və aktivlik vəziyyəti barədə məlumat əldə etməlidir:
"Daha sonra şirkətin hüquqi və faktiki ünvanlarını yoxlamalı, harada yerləşdiyini və kimin adına fəaliyyət göstərdiyini öyrənməlidir. Ödəniş edərkən isə pulun hansı banka köçürüldüyünə diqqət yetirməlidir. Həmin bankın Azərbaycanda, yoxsa xaricdə yerləşdiyini dəqiqləşdirmək vacibdir. İstər onlayn, istərsə də fiziki formada ödəniş həyata keçirildikdə, mütləq ödənişi təsdiq edən sənəd əldə olunmalıdır. Bununla yanaşı, ödənişin sığortalanması imkanları araşdırılmalıdır. Avtomobilin gətirilməsi zamanı onun hansı şirkət tərəfindən və hansı şərtlərlə sığortalandığı da əvvəlcədən öyrənilməlidir. Bütün bu məsələlər sənədləşdirilməli, yazılı şəkildə təsdiqini tapmalıdır. Əlbəttə, müqavilə şərtlərinə də xüsusi diqqət yetirmək lazımdır. Bəzi hallarda vətəndaşlar sosial şəbəkələrdə yayılan reklamlara aldanırlar. Məsələn, hər hansı avtomobil markasının çox aşağı qiymətə satıldığı barədə reklam yerləşdirilir. Alıcı həmin qiyməti sərfəli hesab edərək avtomobili sifariş edir. Lakin sonradan məlum olur ki, avtomobilin real qiyməti dəfələrlə yüksəkdir. Bəzən alıcıdan əlavə ödənişlər tələb olunur, bəzi hallarda isə sifariş edilən avtomobil ümumiyyətlə gəlib çıxmır. Aldadılan vətəndaşların bir qismi məhz sosial şəbəkələrdə yayılan reklamlara inanaraq sifariş verənlərdir. Buna görə də belə reklamlar üzərində nəzarət gücləndirilməlidir. Reklamın kim tərəfindən və hansı məqsədlə yayımlandığı araşdırılmalıdır. Təəssüf ki, bu istiqamətdə də müəyyən işlərin görülməsinə ehtiyac var ki, vətəndaşlar bu cür hallarda aldadılmasınlar".



