YapiKredi Müraciət Forması
Mazda CX-5
Aqrar-sənaye kompleksi Özəl

Toyuq əti ucuzlaşmayacaq — Səbəb

Toyuq əti ucuzlaşmayacaq — Səbəb

Qida rasionunda mühüm yer tutan balıq əti yüksək protein dəyəri və zəngin qida tərkibi ilə seçilir. Bir sıra faydalı xüsusiyyətlərinə görə balıq əti toyuq əti ilə müqayisədə daha üstün hesab edilsə də, bazarda bu məhsulların qiyməti bəzən bir-birinə yaxın olur. Xüsusilə qış aylarında balıq məhsullarına tələbatın artması ət bazarında qiymət dinamikası ilə bağlı suallar yaradır.

Bəs balıq ətinin qida dəyəri daha yüksək olduğu halda, niyə toyuq əti ilə təxminən eyni qiymətə satılır? Qış mövsümündə balığa tələbatın artması toyuq ətinin qiymətinə təsir göstərə və ucuzlaşmaya səbəb ola bilərmi? Ümumiyyətlə, müxtəlif ət məhsulları arasındakı qiymət fərqini hansı amillər müəyyənləşdirir?

İqtisadçı Asif İbrahimov Demokrat.az-a açıqlamasında bildirib ki, balıq ətinin qida dəyəri, xüsusilə omeqa-3 yağ turşuları, yüksək keyfiyyətli zülal və digər faydalı mikroelementlər baxımından bir çox üstünlükləri var.

Toyuq əti ucuzlaşmayacaq — Səbəb

Onun sözlərinə görə, ərzaq bazarında məhsulun qiyməti onun insan sağlamlığı üçün nə dərəcədə faydalı olması ilə müəyyənləşmir:

"Qiymət, ilk növbədə, istehsalın maya dəyəri, bazardakı təklif, tələb, idxaldan asılılıq və logistika xərcləri əsasında formalaşır. Balıq və toyuq ətinin qiymətlərinin bir-birinə yaxın olmasının da iqtisadi səbəbləri var. Toyuqçuluq Azərbaycanda daha geniş sənaye infrastrukturu formalaşmış, istehsal dövrü nisbətən qısa və kütləvi istehsala uyğun sahədir. Müasir quşçuluq müəssisələrində istehsal prosesi avtomatlaşdırılır, məhsulun dövriyyəsi sürətlə həyata keçirilir. Bu, maya dəyərinin aşağı salınmasına imkan verir. Balıqçılıqda isə istehsal xərcləri balığın növündən, yetişdirilmə müddətindən, yem təminatından, su və enerji resurslarından, saxlanma və daşınma şəraitindən asılıdır. Xüsusilə balıq yemlərinin idxaldan asılılığı yerli istehsalın maya dəyərini artıran amillərdəndir. Balıq məhsullarının saxlanması və daşınması xüsusi temperatur rejimi tələb etdiyindən soyuducu anbar və logistika xərcləri də qiymətə təsir göstərir.

Qış aylarında balıq məhsullarına tələbatın artması bazarda müəyyən qiymət dəyişiklikləri yarada bilər. Lakin bunun toyuq ətinin ucuzlaşmasına ciddi təsir edəcəyini düşünmürəm. Balıq və toyuq əti müəyyən mənada əvəzedici məhsullar olsa da, onların istehlak bazarları və alıcı davranışları tam eyni deyil. Balığa tələbatın artması avtomatik olaraq toyuq ətinə tələbatın azalması demək deyil. Toyuq ətinin qiyməti daha çox quşçuluq müəssisələrinin istehsal həcmi, yem xərcləri, idxal imkanları və daxili bazardakı rəqabətdən asılıdır.

Ümumiyyətlə, ət məhsulları arasındakı qiymət fərqini müəyyən edən ən vacib amil maya dəyəri ilə bazar təklifinin qarşılıqlı təsiridir. Məhsulun istehsalı nə qədər səmərəli təşkil olunarsa, yem və enerji xərcləri nə qədər aşağı olarsa, bazara çıxarılan məhsulun həcmi və rəqabət imkanları da bir o qədər yüksək olar.

Məsələyə Azərbaycanın iqtisadi inkişaf modeli baxımından da yanaşmaq lazımdır. İqtisadi nəzəriyyədə Holland xəstəliyi adlanan anlayış var. Bu, təbii resurslardan, xüsusilə neft və qazdan əldə olunan böyük gəlirlərin iqtisadiyyatın digər sahələrinin rəqabət qabiliyyətini zəiflətməsi riskini ifadə edir. Resurs gəlirlərinin iqtisadiyyatda üstün mövqe qazanması nəticəsində qeyri-neft sektorunda istehsalın inkişafı arxa plana keçə, yerli istehsalçılar idxal məhsulları ilə rəqabətdə çətinlik çəkə bilərlər. Azərbaycan üçün bu risk xüsusilə aktualdır.

Neft və qaz gəlirləri ölkəyə böyük maliyyə imkanları yaratsa da, uzunmüddətli iqtisadi dayanıqlılıq üçün həmin imkanlar qeyri-neft sektorunun inkişafına, yeni istehsal sahələrinin yaradılmasına və yerli sahibkarlığın gücləndirilməsinə yönəldilməlidir. Əks halda, iqtisadiyyatın təbii resurslardan asılılığı davam edəcək. Balıqçılıq və quşçuluq kimi sahələr məhz bu baxımdan strateji əhəmiyyət daşıyır. Çünki söhbət yalnız bazarda balıq və toyuq ətinin qiymətindən getmir. Söhbət yerli istehsalın genişləndirilməsindən, idxaldan asılılığın azaldılmasından, kənd yerlərində məşğulluğun artırılmasından və ölkənin ərzaq təhlükəsizliyindən gedir.

Hesab edirəm ki, Azərbaycanda balıqçılıq və akvakultura sahəsinin inkişafı üçün ciddi potensial mövcuddur. Lakin bu potensialdan tam istifadə edilmir. Yerli balıq yemlərinin istehsalının təşkili, müasir balıqçılıq təsərrüfatlarının yaradılması, süni yetişdirmə texnologiyalarının tətbiqi, soyuducu anbarların və satış infrastrukturunun genişləndirilməsi vacibdir. Eyni zamanda quşçuluq sektorunda da yem təminatının yerli istehsal hesabına yaxşılaşdırılması maya dəyərinin aşağı salınmasına kömək edə bilər. Dövlətin iqtisadi siyasəti bu sahələrdə istehsalçının rəqabət imkanlarını genişləndirməyə xidmət etməlidir. Yerli istehsalın inkişafı üçün investisiya təşviqləri, güzəştli maliyyələşmə, müasir texnologiyaların tətbiqi və istehsal infrastrukturunun qurulması istiqamətində sistemli dəstək göstərilməlidir.

Nəzərə almaq lazımdır ki, ərzaq bazarında davamlı qiymət sabitliyi inzibati müdaxilələrlə deyil, istehsalın artırılması, rəqabətin gücləndirilməsi və təchizat zəncirinin səmərəliliyinin yüksəldilməsi ilə təmin olunur. Neft gəlirlərindən asılılığı azaltmaq istəyən ölkə ilk növbədə öz istehsal potensialını gücləndirməlidir. Balıqçılıq və quşçuluq kimi sahələrin inkişafı bu baxımdan həm iqtisadi şaxələndirməyə, həm də əhalinin daha keyfiyyətli və münasib qiymətli ərzaq məhsulları ilə təmin olunmasına xidmət edir".