YapiKredi Müraciət Forması
Mazda CX-5
Özəl Aqrar-sənaye kompleksi

"Bir qurum fermerdən pul alacaq, digəri isə qaytaracaq"

Bir qurum fermerdən pul alacaq, digəri isə qaytaracaq

Gələn ildən etibarən fermerlərin də gəlir vergisinə cəlb olunması nəzərdə tutulur. Belə ki, onlardan 10 faiz gəlir vergisi tutulacaq. Qeyd edək ki, təxminən 30 ildir kənd təsərrüfatı məhsulları istehsalçıları yalnız torpaq və daşınmaz əmlak vergisi ödəyir, digər vergilərdən azad olunublar.

İqtisadçı Elçin Rəşidov Demokrat.az-a açıqlamasında bildirib ki, gəlir vergisi və mənfəət vergisinin dərəcəsi 20 faiz olduğuna görə gəlirlərin 90 faizi güzəştə düşür, 10 faizlik hissəsindən isə vergi tutulur:

"Beləliklə, ümumi gəlirin cəmi 2 faizi vergi təşkil edir. Fermerlər indiyə qədər də müəyyən ödənişlər ediblər. Məsələn, kənd təsərrüfatında, aqrar sektorda fəaliyyət göstərən şirkətlər işçi götürdükdə DSMF ödənişləri edirlər. DSMF ödənişləri Azərbaycanda vergi xarakteri daşıyan ödənişlərdir. Çünki həmin vəsaiti ödəyən şəxs özünün deyil, başqalarının pensiya təminatına vəsait ayırır. Eyni zamanda, icbari tibbi sığorta və işsizlikdən sığorta ödənişləri də mövcuddur. İşçi yüksək gəlir əldə edirsə, həmin gəlirdən də vergi ödəyir. Yəni kənd təsərrüfatı sektorunda indiyə qədər də vergi ödənişləri olub. Sadəcə, həmin şirkətlər mənfəət vergisindən azad idilər. Lakin şirkətin dividend vergisi də var. Sabah şirkətin sahibi dividendlərini götürərsə, həmin vəsaitdən də vergi ödəyir. Buna görə də fermerlərin və aqrar sektorun bütün vergilərdən azad olması fikri mifdir. İndi sadəcə olaraq şirkətlərə əlavə olaraq mənfəət vergisi tətbiq olunur. Qanunvericilikdə digər fermerlərin, fərdi sahibkarların da bu vergi öhdəliyi nəzərdə tutulur. Ancaq bunun praktikada tətbiqi çətin olacaq. Çünki əsas məsələ onların gəlirlərinin qeydə alınması və uçota alınmasıdır ki, həmin gəlirlərdən vergi tutmaq mümkün olsun. Vergi uçotunun aparılması üçün fermerlərin satışları qeydə alınmalıdır. Məsələn, fermer məhsulunu supermarketə satırsa və ödənişi köçürmə yolu ilə alırsa, bu zaman gəliri vergi uçotuna düşə bilər. Nağd satışlarda isə həmin gəlirlərin uçota alınması çətin olacaq. Eyni zamanda, indiyə qədər fermerlərin bir qismi mövsümi işçiləri müvəqqəti işə götürürdü və həmin işçilər də rəsmi uçota düşmürdülər. Bu da məsələnin digər tərəfidir. İkinci məsələ isə ondan ibarətdir ki, Kənd Təsərrüfatı Nazirliyi məhsulların satışına görə subsidiya verilməsini nəzərdə tutur, Vergi Xidməti isə həmin satışlara vergi tətbiq etməyi planlaşdırır. Beləliklə, biz vergi ödəyicilərinin hesabına iki dövlət qurumunun fəaliyyətini genişləndirəcəyik. Bir qurum kənd təsərrüfatı məhsullarının satışından, məsələn, fermerdən 10 manat vergi alacaq, digər qurum isə həmin 10 manatı subsidiya şəklində yenidən fermerə qaytaracaq. Yəni bir qurum məhsulun satışından vergi tutacaq, digəri isə elə həmin satışa görə fermerə subsidiya verəcək".

İqtisadçı qeyd edib ki, hazırda Azərbaycanda bəzi kənd təsərrüfatı məhsullarının satışına görə subsidiya verilir:

"Əksər məhsullarda isə subsidiya satışa görə deyil, əkinə və istehsala görə ödənilir. İndi isə məhsulun satışına görə həm vergi tutulması, həm də subsidiya verilməsi məsələsi ortaya çıxır. Nəticədə dövlət sektoru süni şəkildə genişlənəcək, dövlət vəsaiti israf ediləcək. Boş yerə əlavə pul xərclənəcək. Bir qurum fermerdən pul alacaq, digər qurum isə həmin pulu fermerə qaytaracaq. Bu, iqtisadiyyat üçün zərərdir.

Bundan əlavə, verginin tətbiqi fermerlərin gəlirlərini azaldacaq. Gəlirlərin azalması bir çox fermerin bu sahədən uzaqlaşmasına səbəb ola bilər. Yeni fermerlərin yaranmasına, investorların aqrar sektora daxil olmasına da maneələr yaradacaq. Nəticədə kənddən şəhərə axın artacaq, kənd təsərrüfatı sahəsində işsizlik yüksələcək və investisiyalar azalacaq. Bu qərar kənd təsərrüfatı məhsullarının qiymətlərinə, əsasən, təsir etməyəcək. Yalnız çox nadir hallarda bəzi məhsulların qiymətində artım yarana bilər. Söhbət xaricdən gətirilməyən, əvəzedicisi idxal olunmayan və uzaq məsafələrə daşınması mümkün olmayan məhsullardan gedir. Məsələn, tut və əncir kimi məhsulların qiymətində artım ola bilər. Çünki bu məhsulların vergiyə cəlb olunması onların maya dəyərinə və nəticə etibarilə qiymətinə təsir göstərə bilər. Amma xaricdən gətirilməsi mümkün olan məhsulların qiymətinə bu qərar təsir etməyəcək. Məsələn, balıq, ət, toyuq, yumurta, bir çox meyvə və demək olar ki, bütün tərəvəzlərin qiymətində artım gözlənilmir. Hansısa iqtisadçı bunun qiymətlərə təsir edəcəyini deyirsə, deməli, qiymətin formalaşması mexanizmini bilmir və ya düzgün qiymətləndirmir. Eyni zamanda, bu qərarın qiymətləri artıran amil olduğunun bildirilməsi də yanlışdır. Ümumiyyətlə, bəzi addımlar iqtisadiyyatı irəli deyil, geri aparır".