YapiKredi Müraciət Forması
Mazda CX-5
Cəmiyyət Özəl

Tıxac azalmayacaq, vətəndaşın xərci artacaq — Tural Abbaslı

Tıxac azalmayacaq, vətəndaşın xərci artacaq — Tural Abbaslı

Bakıda bəzi ərazilərə girişin ödənişli olması ilə bağlı müzakirələr aparılır. Məlumdur ki, şəhər kənarından mərkəzə gələnlərin böyük hissəsi buraya iş məqsədi ilə üz tutur. Hazırda mərkəzi hissələrdə parkinq qiymətləri sürücülər üçün əlavə xərc yaradır. Xüsusilə fiziki məhdudiyyətli şəxslər, xəstələr və uşaqlı ailələr üçün ictimai nəqliyyatdan istifadə hər zaman əlçatan olmur.

AĞ Partiyanın sədri Tural Abbaslı Demokrat.az-a açıqlamasında bildirib ki, ictimaiyyətə açıq olan, xüsusi mühafizə olunmayan ərazilərdən vətəndaşların istifadəsinə hər hansı formada ödəniş və ya məhdudiyyət tətbiq edilməsinin əleyhinədir.

Onun sözlərinə görə, Bakı şəhəri də, Azərbaycanın digər şəhər və rayonları da bütün vətəndaşlar üçündür:

"Konstitusiya ilə hər kəsin sərbəst hərəkət etmək hüququ təsbit olunub. Söhbət, əlbəttə ki, qanunla xüsusi mühafizə olunan və girişinə məhdudiyyət qoyulmuş ərazilərdən getmir. İstər şəhər mərkəzi, istər kənar ərazilər, istərsə də Bakı və digər şəhərlərə giriş-çıxış olsun, bu kimi yerlərə ödəniş tətbiq edilməsini düzgün hesab etmirəm.

Çünki burada əsas məqsədin nəqliyyat sıxlığını azaltmaq deyil, əlavə vəsait toplamaq olduğu qənaətindəyəm. Məsələn, şəhər mərkəzinə girişin ödənişli olmasını sıxlığın azaldılması ilə əsaslandırırlar. Ancaq hər kəs ödəniş edərək mərkəzə daxil ola biləcəksə, avtomobillərin sayı və tıxacın səviyyəsi necə azalacaq? İnsanlar mərkəzə və ya digər ərazilərə əyləncə xatirinə deyil, müəyyən ehtiyaclarını qarşılamaq üçün gedirlər. Bir və ya iki manat ödəməklə yenə də həmin ərazilərə daxil olacaqlar. Nəticədə sıxlıq əvvəlki kimi qalacaq, sadəcə insanların cibindən əlavə pul çıxacaq.

Onsuz da vətəndaşların sosial vəziyyəti ağırdır, gəlirlər azalır, xərclər isə artır. Belə bir şəraitdə əlavə ödənişlərin tətbiq edilməsini, dolayısı ilə yeni vergi yükünün yaradılmasını qətiyyən düzgün hesab etmirəm.

Hesab edirəm ki, bu cür məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş sərbəst hərəkət hüququ baxımından da qiymətləndirilməlidir. Konstitusiya Məhkəməsi də belə qərar və qanunların hüquqi tərəfini nəzərdən keçirməlidir. Heç kəs Azərbaycanın ərazisində, şəhərlərində, rayonlarında, kəndlərində və küçələrində vətəndaşların sərbəst hərəkət hüququnu əsassız şəkildə məhdudlaşdıra bilməz".