Boşanmaların artması fonunda ailələrin dağılmasına səbəb olan amillər cəmiyyətdə müzakirə mövzusuna çevrilib. Bəzi fikirlərə görə, ailə münasibətlərində qadınların davranışı və tutduğu mövqe boşanmalarda əsas rol oynayır. Hətta ailənin qorunmasında qadınların kişilərdən daha çox məsuliyyət daşıdığı iddia olunur.
Bəs ailələrin dağılmasında qadınların kişilərlə müqayisədə daha çox məsuliyyət daşıdığını söyləmək nə dərəcədə doğrudur? Boşanmaların əsas səbəbləri hansılardır və ailə münasibətlərində tərəflərin məsuliyyəti necə bölüşdürülməlidir?
Sosioloq Mətanət Məmmədova Demokrat.az-a açıqlamasında bildirib ki, boşanmalar cəmiyyətdə daim müzakirə olunan məsələlərdəndir.

Onun sözlərinə görə, son 30 ildə müasir cəmiyyətdə diqqət çəkən əsas problemlərdən biri məhz boşanmalardır:
"Boşanmalarda 99% qız tərəfi günahkardır"
"Bu gün statistikasına nəzər salanda bizdə ailə quranlarla quranların yarısı boşanır. Yəni bir ay ərzində 10 ailə qurulursa, növbəti altı ayda, növbəti yəni yeddi-səkkiz ayda, yəni bir il olmamış onların beşi boşanır. Boşanmaların səbəbinə gəlincə isə, burda biz tək kişiləri və yaxud da qadınları qınaya bilmərik. Əgər iki nəfər ailə qurmaq, bir yerdə yaşamaq qərarına gəlirsə, tərəflərdən birində və ya hər ikisində problemlər olduqda bu, boşanmaya səbəb ola bilər. Bəzən kişilərdə dayanıqsızlıq, yetərsizlik və səbrsizlik görürük. Qadınlarda isə tamahkarlıq, dayanıqsızlıq və yetərsizlik müşahidə olunur. Bütün bunlar boşanmaların başlıca səbəblərindəndir. 30 il əvvəlki dövrlə indiki zaman arasında böyük fərq var. O dövr tamamilə başqa idi, indiki dövr isə fərqlidir. Zaman müasirləşir, insanların təfəkkürü də dəyişir. Ancaq 30 il əvvəl ailələrin müdaxiləsi indikindən daha çox idi. Xüsusilə qayınanaların gəlinlərə mənfi münasibəti həmin dövrdə daha çox müşahidə olunurdu. İndi gənclərimiz, adətən, ayrı yaşamağa üstünlük verirlər. Valideynlər də bunu dəstəkləyirlər. Əksər hallarda qızlarımız gəlin köçdükləri ailə ilə birlikdə yaşamır, öz evlərində və ya kirayədə qalırlar.
Bəs 30 il əvvəlki dövrlə indiki zaman arasında bu qədər fərq nədən yaranıb? Axı o vaxt boşanmalar da indiki qədər çox deyildi. Buradan belə nəticəyə gəlmək olar ki, dəyişən zamandır, amma əslində insanın özü də dəyişir. Biz özümüzü dəyişdirməyə çalışırıq, daha çox şeyə sahib olmaq istəyirik. Ancaq səbir, təmkin və mənəvi dəyərləri nümayiş etdirməkdə əvvəlki qədər həssas deyilik. Əslində, ailə-məişət məsələləri insanların şəxsi münasibətlərindən, bir-birinə olan sevgisindən və anlayışından üstün tutulmamalıdır. İki insan bir-birini başa düşürsə, sevirsə və ailəni məhz sevgi üzərində qurursa, qarşıda çətinliklərin, kasıblığın, evsizlik və işsizlik kimi problemlərin də ola biləcəyini əvvəlcədən qəbul etməlidir. Bütün bunları gözə alaraq ailə qurublarsa, boşanma ehtimalı da azalır. Yox, əgər tərəflərdən biri çətinliklərə dözümsüz yanaşırsa, problemlər başlayır. Məsələn, ər işsiz qalırsa və ya az qazanırsa, qadın bunu qəbul edə bilmirsə, yaxud kişi həyat yoldaşının yeni ailə mühitinə uyğunlaşması üçün səbir göstərmirsə, münasibətlərdə narazılıqlar yaranır. Kişi evə gələndə yeməyin hazır olmamasına, paltarının yuyulmamasına və digər məişət məsələlərinə dözə bilmirsə, təbii ki, belə ailələrdə boşanmalar da baş verəcək. Ailələrdə boşanmaların səbəblərindən biri də gənclərin ailə qurarkən bu məsuliyyətin nə qədər ağır olduğunu dərk etməməsidir. Evlənirlər, ailə qururlar, amma sonradan görürlər ki, kirayədə yaşayırlar, dolanışıq xərclərini qarşılamaq çətindir, ərzaq almaq lazımdır, uşaq dünyaya gəlir və onun da öz tələbatları yaranır. Bütün bunlarla üzləşdikdən sonra sanki anlayırlar ki, ailə qurmaqla səhvə yol veriblər. Nəticədə iradəsi zəif olan bəzi gənclər boşanmağı seçirlər.
İstər gənc, istərsə də orta yaşlı insanlar arasında boşanmalar var. Hətta 60 yaşında ailəsini dağıdan insanlar da olur. Statistikaya baxsaq, hər yaş qrupunda boşanma hallarına rast gələrik. Əgər iki tərəf bir-birini anlayırsa, qarşılıqlı hörmət göstərirsə, dözümlü və səbirli davranırsa, həmin ailə dağılmaz. Ona görə də yeni ailə quran gənclərə səbirli, dözümlü və iradəli olmağı maarifləndirici şəkildə çatdırmalıyıq. Bu istiqamətdə fəaliyyət göstərən təşkilatlar, qurumlar maarifləndirmə işləri aparmalıdırlar. Çünki özünüz də müşahidə edirsiniz ki, boşanmaların sayı demək olar, hər gün artır. Bunun qarşısı alınmalıdır. Hər bir valideyn öz övladı ilə söhbət etməli, ona öz ailə təcrübəsindən, ətrafındakı qohumların yaşadıqlarından danışmalıdır. Övladlarımız bizi dinləsələr də, dinləməsələr də, bir dəfə, iki dəfə, üç dəfə onlara nələrisə anlatmağa çalışmalıyıq. İnanın ki, boşanmaların başlıca səbəblərindən biri də valideynlərin, nənə və babaların övladları, nəvələri ilə söhbət etməyə vaxt ayırmamasıdır. Bu gün hər kəsin əlində telefon, qarşısında kompüter var. Səhərdən axşama qədər sosial platformalarda vaxt keçirir, günün saatlarını boş yerə sərf edirik. Gün ərzində qızı ilə heç olmasa 10 dəqiqə söhbət etməyən analar, oğlu ilə danışmağa vaxt ayırmayan atalar var. Halbuki ailə dəyərlərimiz, söhbətlərimiz, tövsiyələrimiz və övladlarımızla apardığımız maarifləndirici söhbətlər sayəsində bu günə gəlib çatmışıq. Bu dəyərləri davam etdirməsək, onları gələcək nəsillərə ötürə bilməyəcəyik. Ailədə həm kişi, həm də qadın bir-birinə qarşı səbirli və dözümlü olmalıdır. Bu məsələdə qadınların üzərinə daha çox məsuliyyət düşür. Çünki onlar həm də anadırlar. Bir ana necə öz övladının atasından ayrı yaşamasını istəyə bilər? Necə ailənin və uşağın bütün yükünü təkbaşına öz çiyinlərinə götürə bilər? Niyə bunu etməlidir?
Sosioloq əlavə edib ki, qadınlar həm kirayə xərclərini qarşılamaq, həm övladlarını böyütmək, həm də evin bütün məsuliyyətini təkbaşına daşımaq məcburiyyətində qalmamalı, kişilər də ailə qarşısında öz vəzifələrini yerinə yetirməlidirlər:
"Boşanan hər bir qadın sanki həyat yoldaşını bütün bu məsuliyyətlərdən azad edir. Bunu etmək lazım deyil. Biz zərif çiyinlərimizi niyə bu qədər yükün altına qoymalıyıq? Kişi də əziyyət çəkməli, övladının məsuliyyətini daşımalıdır. Bir qədər dözmək, çətinliklərə səbir göstərmək lazımdır. Gözəl günlərin sahibi olmaq üçün bəzən bugünkü çətinliklərə dözmək lazımdır. Bugünkü gənclərə çətinliklərə dözməyi, səbirli olmağı və ailənin qədrini bilməyi arzulayıram. Çünki gözəl günlərin sahibi olmaq üçün bugünkü çətinliklərə də dözmək lazımdır".
Qeyd edək ki, Aşıq Zülfiyyə boşanmaların əsas səbəbini qız tərəfi valideynlərinin yanaşmasında görüb. Sənətçi mübahisələrdə qız evinin qohumu olsa da, oğlan tərəfini müdafiə edəcəyini deyib. O, ataların qızlarına ailəni qorumaq tövsiyəsi verməsinin vacibliyini vurğulayıb.



