YapiKredi Müraciət Forması
Mazda CX-5
Özəl Cəmiyyət

Qohumlar ölünü qəbirdən çıxara bilər?

Qohumlar ölünü qəbirdən çıxara bilər?

İnsan vəfat etdikdən sonra onun dəfn olunduğu məzarın açılması çoxlarının ağlına belə gətirmədiyi məsələlərdəndir. Cəmiyyətdə qəbirin açılması əsasən hüquq-mühafizə orqanlarının araşdırmaları və məhkəmə-tibbi ekspertiza ilə əlaqələndirilsə də, qanunvericilikdə bunun başqa halları da nəzərdə tutulub. Məlum olur ki, müəyyən şərtlər daxilində mərhumun yaxınlarının müraciəti ilə də onun meyitinin qəbirdən çıxarılması mümkündür.

Demokrat.az xəbər verir ki, Azərbaycanda dəfn edilmiş şəxsin meyitinin və ya qalıqlarının qəbirdən çıxarılması, yəni ekshumasiyası qanunvericiliklə tənzimlənir.

Maraqlıdır ki, belə bir hal yalnız cinayət işi və ya məhkəmə qərarı ilə bağlı deyil. Müəyyən şərtlər daxilində mərhumun yaxın qohumlarının, qanuni nümayəndələrinin və hətta onun dəfn xərclərini çəkmiş şəxslərin arzusu ilə də ekshumasiyaya yol verilə bilər.

Bu məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 dekabr 2018-ci il tarixli 522 nömrəli qərarı ilə təsdiq edilmiş "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nda əksini tapıb.

Qaydaların 25.1-ci bəndinə əsasən, ölmüş şəxsin prosessual ekshumasiyası Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq məhkəmənin qərarı əsasında həyata keçirilir.

25.2-ci bənddə isə qeyri-prosessual ekshumasiyanın mümkün olduğu hallar sadalanır. Buraya elmi-tədqiqat və elmi yaradıcılıq fəaliyyəti, qəbrin köçürülməsi, dəfn olunmuş hərbi qulluqçuya şəhid adı verildikdən sonra onun Şəhidlər xiyabanında basdırılması ilə bağlı müraciət, eləcə də mərhumun qohumlarının, qanuni nümayəndələrinin və ya dəfn xərclərini çəkmiş şəxslərin arzusu daxildir.

Qanunvericilikdə ekshumasiya üçün müəyyən zaman məhdudiyyəti də nəzərdə tutulub. Belə ki, çürümə və minerallaşma proseslərinin zəif getdiyi yaş qrunt ərazilərində dəfndən sonra ən azı 3 il, quru qumlu qrunt ərazilərində isə ən azı 1 il keçməlidir.

Bundan başqa, ekshumasiya qəbiristanlığın müdiriyyətinin iştirakı ilə həyata keçirilməlidir. Prosedur başa çatdıqdan sonra qəbir yeri dezinfeksiya olunmalı və torpaqla örtülməlidir.

Qeyd edək ki, qaydaların 2.1.8-ci yarımbəndində mərhumun qohumlarının dairəsi də müəyyənləşdirilib. Buraya həyat yoldaşı, uşaqları, valideynləri, bacı-qardaşları, baba-nənələri, nəvələri və digər sadalanan yaxın qohumları daxildir.