TDT-nin gündəliyi genişlənir: Təhlükəsizlik də ön plandadır — Şərh

SİYASƏT 18 sentyabr 2026, 11:45

“Prezident İlham Əliyevin çıxışında TDT ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın Türk dünyasına münasibətinin yalnız tarixi-mədəni bağlılıq üzərində qurulmadığını, eyni zamanda konkret geosiyasi, iqtisadi və təhlükəsizlik gündəliyinə söykəndiyini göstərir”.


Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.



Politoloq əlavə edib ki, burada diqqət çəkən əsas məqam Azərbaycanın TDT-ni sadəcə dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, beynəlxalq münasibətlər sistemində çəkisi və təsir imkanları artan mühüm təşkilatlanma modeli kimi görməsidir:

“Bu yanaşma Azərbaycanın milli maraqların qorunması ilə birgə son illərdə həyata keçirdiyi xarici siyasətin məntiqi davamıdır. Türk dövlətləri arasında siyasi dialoqun, iqtisadi inteqrasiyanın və strateji əməkdaşlığın dərinləşdirilməsidir. Azərbaycanın TDT çərçivəsində mövqeyini fərqləndirən mühüm xüsusiyyətlərdən biri onun təşəbbüskarlığıdır. Prezidentin enerji və nəqliyyat dəhlizlərinin inkişafına xüsusi diqqət yetirməsi təsadüfi deyil. Azərbaycan coğrafi mövqeyini yalnız tranzit üstünlüyü kimi deyil, Türk dünyasını birləşdirən real iqtisadi və kommunikasiya imkanına çevirir. Xəzər üzərindən Mərkəzi Asiyaya, oradan daha geniş Avrasiya məkanına uzanan bağlantılar Türk dövlətləri arasında əməkdaşlığın siyasi bəyanatlardan praktiki layihələrə keçməsinə imkan yaradır. İnvestisiya əməkdaşlığının və ikitərəfli əlaqələrin genişləndirilməsi də bu strategiyanın mühüm hissəsidir. Çünki müasir beynəlxalq münasibətlərdə siyasi yaxınlığın davamlı olması üçün onun iqtisadi dayaqları da möhkəm olmalıdır. Azərbaycan Türk dövlətləri ilə münasibətlərdə məhz bu çoxşaxəli modeli formalaşdırır: siyasi həmrəylik, iqtisadi tərəfdaşlıq, enerji əməkdaşlığı, nəqliyyat bağlantıları və humanitar münasibətlər bir-birini tamamlayır. Bu baxımdan Azərbaycanın TDT daxilindəki fəaliyyəti təşkilatın institusional imkanlarının genişlənməsinə də ciddi töhfə verir. Prezidentin çıxışında Türk dünyasının Azərbaycanın xarici siyasətində əsas istiqamətlərdən biri kimi təqdim olunması xüsusi siyasi əhəmiyyət daşıyır. Bu, tarixi və mədəni yaxınlığın müasir dövlətçilik maraqları ilə uzlaşdırılmasıdır. Azərbaycan üçün Türk dünyası yalnız ortaq dilin, tarixin və mədəniyyətin yaratdığı mənəvi məkan deyil, həm də gələcək əməkdaşlıq imkanlarının geniş olduğu strateji coğrafiyadır. Azərbaycanın bu istiqamətdə ardıcıl siyasəti Türk dövlətləri arasında qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir”.

Tural İsmayılov bildirib ki, gənclərlə bağlı fikirlər isə məsələnin daha uzunmüddətli perspektivini ortaya qoyur:

“Dövlətlərarası münasibətlərin gələcəyi yalnız hökumətlərarası əlaqələrdən deyil, cəmiyyətlər və xüsusilə gənc nəsillər arasındakı münasibətlərdən də asılıdır. Milli-mənəvi dəyərlərə bağlı, müasir dünyanı anlayan və Türk dünyasının ortaq irsinə sahib çıxan gənclərin yetişdirilməsi TDT-nin gələcək potensialını müəyyənləşdirə biləcək əsas amillərdən biridir. Gənclər təşkilatları arasında əməkdaşlığın artırılması da bu baxımdan sadəcə humanitar layihə deyil, uzunmüddətli strateji münasibətlərin sosial bazasının möhkəmləndirilməsidir. Təhlükəsizlik məsələsinin də çıxışda ayrıca vurğulanması günümüzün reallıqları ilə tam uzlaşır. Dünyada müharibələrin genişləndiyi, müxtəlif təhlükəsizlik çağırışlarının sərhəd tanımadığı bir dövrdə dövlətlərin ayrı-ayrılıqda deyil, koordinasiyalı şəkildə hərəkət etməsi daha böyük əhəmiyyət qazanır. Prezidentin fiziki və ideoloji təhdidlərə qarşı birgə mübarizə məsələsini önə çəkməsi TDT-nin əməkdaşlıq gündəliyinin yalnız iqtisadi və humanitar sahələrlə məhdudlaşmamalı olduğunu göstərir. Əslində, İlham Əliyevin TDT ilə bağlı yanaşmasının əsas mahiyyəti Türk dünyasının potensialını real siyasi və iqtisadi imkanlara çevirməkdən ibarətdir. Azərbaycanın burada oynadığı rol həm coğrafi mövqeyi, həm enerji və nəqliyyat imkanları, həm də son illərdə formalaşdırdığı fəal diplomatik xətt baxımından xüsusi əhəmiyyət daşıyır. Bu siyasət Türk dövlətləri arasında münasibətlərin emosional və simvolik müstəvidən çıxaraq daha sistemli, institusional və nəticəyönümlü mərhələyə keçməsinə ciddi zəmin yaradır.

Prezidentin mesajlarından görünən budur ki, Azərbaycan Türk dünyasının gələcəyinə yalnız ortaq keçmiş prizmasından baxmır. Bakı Türk dünyasının qarşıdakı onilliklərdə daha güclü siyasi, iqtisadi, nəqliyyat və təhlükəsizlik platformasına çevrilməsi üçün konkret imkanları önə çəkir. Bu isə Azərbaycanın TDT daxilində təşəbbüskar mövqeyinin və Türk dünyasının birlik perspektivinə verilən yüksək siyasi əhəmiyyətin aydın göstəricisidir”.

Fidan Hacızadə

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

18 sentyabr 2026, 11:17
Top