Politoloq qəbulun niyə məhz indi keçirilmə səbəbini açıqladı — Şərh

SİYASƏT 18 sentyabr 2026, 10:30
“TDT struktur və məzmun olaraq fəaliyyətini genişləndirir. Türk Dövlətləri Təşkilatının beynəlxalq münasibətlər sistemində strateji əhəmiyyəti artdıqca, onun fəaliyyəti də konseptual əsaslara keçir. Bu baxımdan diqqət çəkən istiqamətləri cənab Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirdi. 

Qəbulun indiki zamanda baş tutmasının əsas səbəblərindən biri ondan ibarətdir ki, bu gün təhlükəsizliklə bağlı qarşıda ciddi çağırışlar dayanır. Məhz bu çağırışlar fonunda təşkilatın siyasi, iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik maraqları uzlaşdırılmalıdır və Azərbaycan mövcud proseslərdə həlledici rol oynayır”.


Bu sözləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Demokrat.az-a açıqlamasında deyib.



Onun sözlərinə görə, digər diqqətçəkən məqam ondan ibarətdir ki, eyni zamanda TDT ölkələrinin dini liderləri və təhlükəsizlik strukturlarının rəhbər şəxsləri dövlət başçımız tərəfindən ardıcıllıqla qəbul edildi:

“Deməli, struktur, məzmun və məna baxımından təşkilatın fəaliyyət dairəsi həm genişləndirilir, həm möhkəmləndirilir, həm də təhlükəsizlik ideoloji amillər baxımından da özünü göstərir. 

TDT çərçivəsində Azərbaycanın roluna nəzər yetirərkən, birincisi, onu qeyd etməliyik ki, məsələ sadəcə qəbullardan getmir. Müzakirələrin aparılma zərurəti beynəlxalq münasibətlər sistemində baş verən mövcud proseslərdən qaynaqlanır. Bu baxımdan da əməkdaşlığın arealı kifayət qədər genişdir.

Əgər bu qədər önəmli məsələlər Bakıda müzakirə edilirsə, Azərbaycanın təşkilat çərçivəsindəki mövqeyi bir neçə aspekt üzrə özünü göstərir. Naxçıvandan başlanan yol artıq Cənubi Qafqaza, Mərkəzi Asiyaya, böyük bir coğrafiyaya doğru genişlənir. Bu genişlənmə institusional bazanın özünü möhkəmləndirməsi ilə daha da sağlam əsaslar qazanır. 

Şuşada keçirilən qeyri-rəsmi zirvə görüşü də təşkilatın fəaliyyəti baxımından olduqca mühüm mərhələ idi. Qarşıda bir strateji məqsəd dayanır ki, o da TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməkdir. Burada dövlətlərin siyasi iradəsi qədər, həm də malik olduqları coğrafi mövqe mühüm məsələdir.

Buna görə də cənab Prezident İlham Əliyev bildirir ki, potensial daha effektiv formada istifadə edilməli, konsolidasiya artırılmalıdır. TDT çərçivəsində görüşlərin sıx xarakter aldığının şahidiyik. Bu isə ondan xəbər verir ki, deməli, intensiv görüşlərə zərurət var.

Ənənəvi formada görüşlərlə yanaşı, qeyri-rəsmi görüş formatı da məhz bu zərurətdən doğur. Qarabağ Zəfəri Türk Dövlətləri Təşkilatına böyük coğrafiyanın önündə dayanan əngəllərin açılması ilə onun fəaliyyətinə yeni bir məna və məzmun gətirdi. Bu baxımdan da simvolik olaraq ilk qeyri-rəsmi görüşün Şuşada keçirilməsi Türk Dövlətləri Təşkilatının Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə göstərmiş olduğu həssas yanaşmadan xəbər verir.

Ona görə həssas yanaşma ki, məhz Şuşa Zirvəsi təşkilat daxilində növbəti yüksək məramlara çatılmasına gətirib çıxardı. Bu gün təşkilat daxilində əməkdaşlığın və Türk dünyasının birliyinin möhkəmləndirilməsi ən önəmli istiqamətdir. Görüşlər dinamik və davamlı olduğu qədər, həm də məhsuldar olmalıdır”.

Politoloq əlavə edib ki, bu baxımdan təşkilatın rolunu siyasi, mədəni və yaxud da humanitar əməkdaşlıqla çərçivələndirmək olmaz:
“Söhbət burada enerji, nəqliyyat təhlükəsizliyindən, iqtisadi potensialın üzə çıxarılmasından, etibarlı təchizat platforması təqdim edilməsindən, hətta malların təhlükəsiz şəraitdə dövriyyəsindən gedir.

TDT-yə üzv olan ölkələrin təbii ehtiyatları xüsusi diqqət çəkən amildir. Həm də bu baxımdan cənab Prezident İlham Əliyev bildirir ki, dövlətlərin sərhədləri boyunca təhlükəsizlik olduqca mühüm amildir. Çünki bir ölkə daxilində olan təbii ehtiyatların istehlak edilməsi qədər ixracı da iqtisadi asılılığa və səmərəyə gətirib çıxarır. Təhlükəsizlik amilini siyasi fəaliyyətdə aktual saxlayan da məhz budur.

Azərbaycan Mərkəzi Asiya ölkələrini Xəzər dənizi vasitəsilə də birləşdirir. Azərbaycan Mərkəzi Asiya ölkələrini Cənubi Qafqaz ilə əməkdaşlığa cəlb edir. Bu isə, şübhəsiz ki, regionumuza yeni investisiya mənbələrinin cəlb edilməsi deməkdir.

Deməli, strateji bağlantılar məsələsi sadəcə enerji və nəqliyyat ilə başa düşülmür. Burada söhbət dərin qatlara malik etimaddan gedir. Diqqət çəkən xüsusi bir məqam da ondan ibarətdir ki, təşkilata üzv olan dövlətlər həm təşkilat çərçivəsində, həm də ikitərəfli qaydada aktiv siyasət yürüdürlər.

Azərbaycan Lideri cənab İlham Əliyevin TDT ölkələrinə səfərləri, eləcə də həmin dövlət rəhbərlərinin Azərbaycana səfərləri ondan xəbər verir ki, deməli, aktiv siyasi dialoq mövcuddur. Azərbaycanın Türkiyə ilə, Qırğızıstanla, Özbəkistanla, Qazaxıstanla müttəfiqlik üzrə imzaladığı müqavilə və bəyannamələr siyasi münasibətlərin üst mərhələsindən xəbər verir. Birgə İnvestisiya Fondlarının yaradılması, qarşılıqlı investisiya axınlarının sürətləndirilməsindən, dərinləşdirilən əlaqələrdə hər bir tərəfin səfərbər olduğundan xəbər verir.

Şübhəsiz ki, ortaq tariximiz, eyni etnik köklərə malik olmağımız, tarixi, mədəni və dil bağlarının mövcudluğu prosesi daha da hamar edir. Mənəvi əsasların mövcudluğu təbii cazibə qüvvəsi yaradır. Tarixi bağların mövcud olması gələcək nəsillər üçün fundamental əsaslar vəd edir. 

Bu baxımdandır ki, TDT-yə üzv dövlətlərin əhalisi arasında qarşılıqlı mübadilənin, fəal iqtisadi siyasətin həyata keçirilməsi baş tutmalıdır.

Zənnimcə, ən önəmli məsələlərdən biri təhlükəsizlik anlayışının artıq hərbi komponentlə məhdudlaşmamasıdır. Dünyanın müxtəlif istiqamətlərində davam edən müharibə və münaqişə ocaqlarının artması regional təhlükəsizlik məsələlərini daha da aktuallaşdırır.

Bu baxımdan təhlükəsizlik şuralarının növbəti iclasının gündəliyi də təhlükəsizlik strukturlarının bir araya gəlməsi zərurətini nümayiş etdirir. Təhlükəsizlik məsələsi ideoloji amillərlə özünü daha da büruzə verir. Bu istiqamətdə müasir çağımızda dövlətlərin təhlükəsizliyinə yönələn təhdidlər sadəcə sərhəd amili ilə kifayətlənmir”.

Şəbnəm Həsənova qeyd edib ki, burada cəmiyyətin ideoloji təsir vasitələri ilə ələ alınması, zərbə vurulması, dövlətlərin daxili sabitliyinə bilərəkdən yaradılan təhdidlər bu məsələnin daha da aktuallaşmasına səbəb olur:

“Biz önümüzdə olan yeni imkanları fürsətlərə çevirməli, çevik addımlar atmalıyıq. Buna görə də ənənəvi sahələrlə yanaşı, yeni sahələrin inkişafı da önəmlidir.

Xəzər dənizinin dibi ilə optik-lif rabitəsinin yaradılmasını nəzərdə tutan layihələrin əhəmiyyətinin vurğulanması da bu baxımdan xüsusi diqqət çəkir. Bu isə sadəcə Azərbaycan-Qazaxıstan münasibətləri baxımından önəmli deyil. Mövcud layihə geniş coğrafiyaya yayılacaq ki, bu da TDT-nin önəmini artıracaq.

Azərbaycanın TDT daxilində strateji əhəmiyyətini sübut edən amillərdən biri ondan ibarətdir ki, cənab Prezident İlham Əliyev təhlükəsizlik zərurəti qədər inkişaf zərurətini paralel olaraq saxlayır. Yəni, burada bir tərəfdə təhlükəsizliyin ən üst səviyyədə tutulması ilə iqtisadi inkişafın, investisiyaların sürətləndirilməsi, elm və texnologiyanın müasir çağırışlardan geri qalmaması istiqamətində atılan addımlar dayanır.

TDT artıq beynəlxalq gücə çevrilməlidir, bu istiqamətdə əməli addımlar da atılır. Şuşada əsası qoyulan qeyri-rəsmi zirvə formatından tutmuş ikitərəfli səfərlərin baş tutmasına, habelə müxtəlif və konkret struktur rəhbərlərinin qəbul edilməsinə qədər bütün bunlar məqsədə doğru əməli addımların atıldığından xəbər verir”.

Nuray Paşşanlı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top