Binəqədi ilə metro arasında birbaşa avtobuslar qayıda bilər?

İNFRASTRUKTUR 18 sentyabr 2026, 10:40
İllər əvvəl Bakı şəhərində nəqliyyat sıxlığının indiki səviyyədə olmadığı və Binəqədi qəsəbəsində əhalinin daha az məskunlaşdığı dövrdə qəsəbə ilə şəhərin müxtəlif ərazilərində yerləşən metro stansiyaları arasında birbaşa avtobus marşrutları fəaliyyət göstərirdi. 

Demokrat.az xəbər verir ki, məsələn, 125 nömrəli avtobus Binəqədi Mərkəzi ilə “Qara Qarayev” metro stansiyasını, 32 nömrəli avtobus Binəqədi Mərkəzi ilə “Elmlər Akademiyası” metro stansiyasını və Şəhidlər Xiyabanını, 172 nömrəli avtobus “28 May” metro stansiyasını, 155 nömrəli marşrut isə “Nəriman Nərimanov” metro stansiyasını əlaqələndirirdi.

Sonrakı illərdə, Bakıda Olimpiya Oyunlarının keçirildiyi dövrdə bu marşrutların bir qismi ləğv edildi, bir qismi isə dəyişdirilərək son dayanacağı “Azadlıq prospekti” metro stansiyası müəyyənləşdirildi. Binəqədi qəsəbəsindən şəhərin mərkəzi istiqamətində birbaşa hərəkət edən marşrutlardan isə əsasən 133 nömrəli avtobus xətti saxlanıldı.

Hazırda metroda aparılan təmir işləri ilə əlaqədar sərnişinlərin ictimai nəqliyyatdan, xüsusilə də avtobuslardan istifadəsinə tələbatın artdığı müşahidə olunur. Bu vəziyyətdə Binəqədi qəsəbəsinin sərnişin yükünün əsas hissəsi 165 və 133 nömrəli avtobus marşrutlarının üzərinə düşür. Nəticədə həmin xətlərdə sıxlıq və sərnişinlərin uzun müddət avtobus gözləməsi kimi problemlər yaranır.

Mövcud vəziyyəti, Binəqədi qəsəbəsində əhalinin sayının və yaşayış məntəqələrinin artmasını, eləcə də ictimai nəqliyyata olan tələbatı nəzərə alaraq, əvvəllər fəaliyyət göstərmiş birbaşa avtobus marşrutlarının yenidən təşkil edilməsi və ya alternativ marşrutların yaradılması məsələsinə baxılması məqsədəuyğun olardı.

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Fidan Hacızadə

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

18 sentyabr 2026, 11:17
Top