Azərbaycanda bu nəqliyyat növündən istifadə edənlərin sayı ardı — Səbəb

CƏMİYYƏT 18 sentyabr 2026, 12:30

"Təqdim olunan rəsmi rəqəmləri birbaşa şəxsi avtomobillərdən istifadənin azalması kimi qiymətləndirmək də tam doğru olmaz"


Bunu Demokrat.az-a açıqlamasında Nəqliyyat eksperti Eldəniz Cəfərov söyləyib.

O bildirib ki, bu rəqəmlər Azərbaycanda ictimai nəqliyyatdan istifadənin artdığını göstərir və bunu müsbət göstərici kimi qiymətləndirmək olar:

“Xüsusilə avtobuslarla daşınan sərnişinlərin sayında təxminən 11 faizlik artımın olması diqqət çəkir. Bu, insanların müəyyən hissəsinin gündəlik səfərləri zamanı ictimai nəqliyyata daha çox üstünlük verdiyini göstərə bilər. Lakin bu artımı birbaşa şəxsi avtomobillərdən istifadənin azalması kimi qiymətləndirmək də tam doğru olmaz. Çünki təqdim olunan statistikada şəxsi avtomobillərdən istifadə ilə bağlı ayrıca və müqayisəli göstərici yer almır. İctimai nəqliyyatdan istifadə edənlərin sayının artması müxtəlif amillərlə bağlı ola bilər. Burada əhalinin və şəhərlərdə hərəkətliliyin artması, yeni sərnişinlərin ictimai nəqliyyata yönəlməsi və digər amillər də nəzərə alınmalıdır”.

Eldəniz Cəfərov qeyd edib ki, şəxsi avtomobillərdən istifadənin həqiqətən azalıb-azalmadığını müəyyən etmək üçün yollardakı nəqliyyat axınının dinamikasına, avtomobillərin gündəlik hərəkət sayına, əsas magistrallardakı intensivliyə və insanların gündəlik səfərlərinin hansı nəqliyyat vasitəsi ilə həyata keçirildiyinə dair məlumatlara da baxmaq lazımdır:

“Eyni zamanda, ictimai nəqliyyatda sərnişin sayının artmasının nə qədərinin şəxsi avtomobildən ictimai nəqliyyata keçidlə, nə qədərinin isə ümumi səfərlərin artması ilə bağlı olduğu müəyyənləşdirilməlidir. Ona görə də avtobuslardan və ümumilikdə ictimai nəqliyyatdan istifadənin artması müsbət tendensiya hesab oluna bilər. Ancaq bu rəqəmlər təkbaşına insanların şəxsi avtomobillərdən imtina etdiyini və ya şəxsi avtomobillərdən istifadənin azaldığını dəqiq deməyə imkan vermir. Bunun üçün hər iki göstəricinin paralel şəkildə təhlil olunması və şəxsi avtomobillərin hərəkəti ilə bağlı ayrıca statistik məlumatların nəzərə alınması vacibdir”.

Qeyd edək ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda nəqliyyat sektoru üzrə cəmi 1 milyard 491 milyon sərnişin daşınıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6% çoxdur. Bakı Metropolitenindən istifadə edən sərnişinlərin sayı 142 milyon 610,2 mindən 141 milyon 587,2 minə düşərək 0,7% azalıb. Cəmi avtomobil daşımaları 1 milyard 208 milyon  1 milyard 339 milyon qalxaraq 11% artıb. Avtobuslardan istifadə edənlərin sayı 1 milyard 154 milyon 1 milyard 281 milyona yüksəlib (11% artım). Taksi xidmətindən istifadə edən sərnişinlərin sayı isə 54 milyon 448 mindən 58 milyon 205 minə çatıb (7% artım).

Fidan Hacızadə

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top