Qanunsuz “Kupça” bumu — Bəkir Çobanzadə küçəsində faciə ssenarisi

CƏMİYYƏT 18 sentyabr 2026, 08:59
Bakının 4 rayonunu su ilə təmin edən strateji magistral kəmərlərin və yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonaları kütləvi şəkildə zəbt olunaraq özəl mülkiyyətə verilir. Ən dəhşətlisi isə odur ki, xüsusi mühafizə olunan, tikinti aparılması cinayət məsuliyyəti yaradan bu ərazilər İnzibati Məhkəmələrin qərarları ilə “leqallaşdırılır”.

Şəhərin su-kanalizasiya və kommunikasiya sistemi Bakının ən kritik nöqtələrindən biridir. Lakin bu gün paytaxtın infrastruktur “ürəyi” faktiki olaraq daşınmaz əmlak alverçilərinin və hüquqi maxinasiyaların altında qalıb. Aidiyyəti dövlət qurumlarının, məsələn, “Azərsu” və ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin) həmin ərazilərdən xətləri köçürə və ya qanunsuz tikililəri sökdürə bilməməyinin yeganə dərin səbəbi İnzibati Məhkəmələrin verdiyi şübhəli çıxarış qərarlarıdır.

Məlumatsız vətəndaşın adi bir şikayətinə illərlə baxmayan məhkəmələr, nə dərəcədəsə maraq yarandığı anda kommunikasiya xətlərinin mühafizə zolağındakı torpaqlara cəmi 10 gün ərzində qərar çıxarır. Ən maraqlısı isə odur ki, bu qərarlardan aidiyyəti qurumlar tərəfindən apellyasiya sikayəti verilmir, qərar dərhal icraya yönəldilir və dövlət reyestrində qeydiyyata alınır.

Cənab Prezidentin bu sahədəki sərt tapşırıqlarına, Ali Məhkəmənin Plenumunun İnzibati Məhkəmələrin təcrübəsini təhlil etməsinə baxmayaraq, təhlükəli praktika davam edir. Bəs bu sxem praktiki olaraq necə işləyir?

Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yaşananlar bu mexanizmin bariz nümunəsidir. Şəhərin su təminatının əsasını təşkil edən nəhəng diametrli magistral kəmərin düz üstü sənədləşdirilib və hazırda milyondan çox qiymətə açıq bazarda satılır. Bu “leqal zəbtin” xronologiyası belədir:

BŞİH qərarı (20.04.2018): Bakı Şəhər İcra Hakimiyyəti (keçmiş mer Hacıbala Abutalıbovun dövründə) Çobanzadə küçəsindəki 911 kv.m torpaq sahəsini 49 illik abadlıq və sahibkarlıq məqsədilə Həmidov Cəlal Əli oğluna icarəyə verir (1460 saylı müqavilə).

Topoqrafik “Düzəliş”: Qəyyum Həmidova Tamara Əliyevnanın sifarişi ilə “Kəngərli” MMC tərəfindən “Geodeziya işləri” sənədi hazırlanır.

Mülki Məhkəmə Müdaxiləsi (14.07.2022): Bakı şəhəri Səbail Rayon Məhkəməsi (e-2(009)-1391/2022) geodeziya sənədini icarə müqaviləsinə əlavə edir, sahə 871 kv.m-ə endirilir və icarə haqqı azaldılır.

İnzibati Məhkəmə Hökmü (29.05.2025): Bakı İnzibati Məhkəməsi (e-2-1(112)-7780/2025) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə (1 saylı Bakı Ərazi İdarəsi) məcburi öhdəlik qoyur ki, magistral su kəmərinin üstündəki 871 kv.m əraziyə icarə hüquqlarına dair ÇIXARIŞ verilsin.

Dövlət Qeydiyyatı (08.09.2025): Reyestr xidməti məhkəmə qərarı əsasında 009011002215 reyestr nömrəli rəsmi Çıxarış (Kupça) təqdim edir.

Bu texniki prosedur kimi görünən addımlar faktiki olaraq strateji dövlət obyektinin zəbt edilərək kommersiya predmetinə çevrilməsidir.

Bu ilin əvvəlində, Nizami rayonunun Keşlə qəsəbəsində oxşar vəziyyət yarandı - kanalizasiya kollektorunun və mühafizə zonasının üstündə tikilmiş “çıxarışlı” evlər su altında qaldı. Yerin 7-8 metr dərinliyindəki qəzanı aradan qaldırmaq üçün həmin evlər sökülməli oldu. İndi eyni ssenari, eyni rayonun Bəkir Çobanzadə küçəsində daha böyük miqyasda hazırlanır. Yüksək təzyiqli magistral su kəmərinin üzərində yaşayış və ya obyekt tikintisi texniki baxımdan sadəcə qadağan deyil - ölümcüldür. İstənilən an baş verə biləcək sızma və ya partlayış saniyələr içində ətrafdakı tikililəri yerlə-yeksan edə bilər.

Dövlət infrastrukturunun altına "saatlı bomba" qoyan bu İnzibati Məhkəmə qərarlarının arxasında kimlər durur?

Xüsusi mühafizə olunan dövlət torpağı necə xüsusi mülkiyyətin və ya icarənin predmeti ola bilər?

Bəkir Çobanzadə küçəsində sabah baş verə biləcək insan tələfatı və böyük qəza zamanı məsuliyyəti həmin “10 günlük” məhkəmə qərarına imza atan hakimlər daşıyacaq, yoxsa bu torpağı “halal mülk” kimi alacaq saf vətəndaşlar? (musavat.com)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

18 sentyabr 2026, 00:23
17 sentyabr 2026, 22:41
Top