“Sən arvadının canı təmiz yu” sözünə görə dava düşdü, 3 illik cəzalandırıldı

KRİMİNAL 18 sentyabr 2026, 13:00
Gədəbəy rayonunda 34 yaşlı kişi həmyerlisinə xəsarət yetirməkdə ittiham olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Gədəbəy şəhəri, 20 Yanvar küçəsində yerləşən Avtovağzal Kompleksi ərazisindəki avtoyuma məntəqəsində baş verib.

1992-ci il təvəllüdlü Mənsur işlədiyi avtoyuma məntəqəsində olarkən avtomobil yuduzdurmaq üçün gəlmiş tanışı Bilmanın (adlar şərtidir – red.) ona “sən arvadının canı təmiz yu” deməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə və münaqişə zamanı yerdən götürdüyü dəmir parçası ilə onu vurub.

Mənsurun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Mənsur ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, işdə olan zaman Bilman ona yaxınlaşıb və avtomobilin yuyulmasını soruşub:

“Mən isə “niyə yumuram ki, sal boksa gəlim yuyum” dedim. Həmin vaxt Bilman mənə “sən arvadının canı təmiz yuyarsan” dedi. O, bu sözü dedikdən sonra avtomobilini boksa saldı. Həmin vaxt zərərçəkmiş şəxsə yaxınlaşaraq ona “bu nə sözdür, deyirsən” dedim. Həmin vaxt Bilman mənə “ə hə sənə deyirdim” dedi və üzərimə gəldi. Mən isə yerdə dəmir parçasını gördüm və dəmir parçasını götürərək onu vurdum. Bilmanın harasından vurmağımı bilməmişəm. Bundan sonra qardaşım bizi araladı”.

İş üzrə zərərçəkmiş Bilmanın sözlərinə görə, ailə üzvləri ilə birlikdə yaşayır:

“Təqsirləndirilən Mənsur və onun qardaşı Arifi Gədəbəy rayon sakinləri kimi bir neçə ildir ki, tanıyıram. Mən maşın ustası kimi avtovağzal ərazisindəki maşın təmiri sexində işləyirəm. Arif və Mənsur da həmin ərazidə avtoyuma məntəqəsində işləyib. Əvvəllər müxtəlif səbəbdən bir neçə dəfə Arif və onun qardaşı Mənsurla aramızda mübahisələrimiz oldu. Lakin düşmənçilik və ədavətimiz olmayıb. Arif və Mənsurla əvvəllər aramızda olan mübahisələr səbəbindən onlarla hazırda münasibətim çox da yaxşı olmayıb. Onlarla əvvəllər aramızda olan mübahisə ilə bağlı heç vaxt hüquq-mühafizə orqanlarına və ya hansısa digər təşkilatlara müraciət etməmişəm”.

Zərərçəkmiş deyib ki, məlum hadisə günü, səhər saat 10 radələrində atasına məxsus etibarnamə əsasında idarə etdiyi “VAZ-2107” markalı avtomaşını Mənsurun işlədiyi avtoyuma məntəqəsinə aparıb:

“Maşını saxlayaraq Mənsura yaxınlaşdım və ona “gəl maşını təmizlə” dedim. O, maşını 10 manata yuyacağını bildirdi. Ona “sən arvadının canı təmiz yu” dedim. O isə “sənin başın qaçıb e” dedi. Sonra avtomaşını avtoyuma yerinə sürdü. Avtomaşını saxladı və maşından yerə düşəndə mənə yaxınlaşdı, ona nə dediyimi bir daha soruşdu. Ona “eşitmədin nə dediyimi” söylədim. Mənsur həmin vaxt əlində olan dəmir parçası ilə bədənimin müxtəlif nahiyələrinə vurmağa başladı. O, əlindəki dəmir parçası ilə başıma, alnıma, sifətimə, burnuma, ayaqlarıma və demək olar ki, bədənimin bütün nahiyələrinə zərbələr vurdu”.

Bilman bildirib ki, Mənsurun dəmir parçası ilə ona vurduğu zərbələrdən bədənində və başında güclü ağrı hiss edib:

“Həmin vaxt Mənsurun qardaşı Arif gəldi və məni sinəmdən itələdi. Mənsurun üstünə getdikcə, o da əlində olan dəmir parçası ilə bədənimə zərbələr vurdu. Həmin vaxt İlqar adlı şəxs də orada olub. Həmin hadisə vaxtı Mənsurun mənə vurduğu zərbələrin ağrısından özümü pis hiss etdim və yerə yıxıldım. Sonra ayağa qalxdım və Mənsurun üstünə tərəf getdim. Bundan sonra Mənsur oradan qaçaraq getdi. O, qaçanda dəmir parçasını mənə tərəf atdı. Lakin dəmir parçası mənə dəymədi”.

Zərərçəkmişin ifadəsinə görə, daha sonra o, Mənsurun qardaşı Arifin üzərinə gedib və Arif də oradan qaçaraq gedib: “Həmin vaxt özümü çox pis hiss etdim, bir az sonra atam Valeh, tanışlarım Uzeyir və Əmir həmin yerə gəldilər. Onlar məni sakitləşdirərək xəstəxanaya apardılar. Mənə xəstəxanada ilkin tibbi yardım göstərildi”.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mənsur 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Fariz Məlikli

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top