"Çox zaman belə məsələlərdə yalnız müəllim günahkar çıxarılır"

CƏMİYYƏT 17 sentyabr 2026, 18:30
Şagird davranışına nəzarətin artırılması məktəb və valideyn münasibətlərində məsuliyyətin yenidən bölüşdürülməsini tələb edir. Qanunvericilik hər iki tərəf üçün konkret mexanizmlər müəyyənləşdirir.

Təhsil eksperti Məzahir Məmmədli Demokrat.az-a açıqlamasında bildirib ki, müəllim və şagirdlərin etik davranış qaydaları artıq müəyyən müddətdir tətbiq olunur.

Onun sözlərinə görə, bu istiqamətdə müxtəlif təlimat və qaydalar da mövcuddur:

“Çox zaman belə məsələlərdə yalnız müəllim günahkar çıxarılır. Halbuki həm şagirdin, həm də müəllimin üzərinə müəyyən öhdəliklər düşür. Hər kəs öz üzərinə düşən məsuliyyəti yerinə yetirsə, bir çox problemin qarşısını almaq olar.

Məktəb-valideyn münasibətlərinin daha sağlam və səmərəli qurulmasına ehtiyac var. Hazırda məktəblərdə qeyri-formal fəaliyyət göstərən valideyn komitələri mövcuddur. Hesab edirəm ki, onların fəaliyyəti üçün ayrıca əsasnamə və qaydalar hazırlanmalıdır.

Bəzən valideynlər məktəbin və ya sinif rəhbərinin razılığı olmadan müxtəlif qruplar yaradır və təkliflərlə çıxış edirlər. Bu baxımdan valideyn komitələrinin fəaliyyətinin normativ-hüquqi çərçivədə tənzimlənməsi və məsuliyyət məsələlərinin dəqiq müəyyənləşdirilməsi vacibdir.

Şagirdlərin etik davranış qaydalarına gəlincə, həmin qaydaları pozanlarla bağlı müəyyən tədbirlər nəzərdə tutulub. Davranışında ciddi çətinliklər olan uşaqlar üçün hər şəhərdə, xüsusilə də böyük şəhərlərdə, ayrıca təhsil müəssisələrinin yaradılması da müzakirə oluna bilər.

Bu, həm valideyn, həm də şagird üçün əlavə məsuliyyət yarada və məktəb mühitinə mənfi təsir göstərən davranışların qarşısının alınmasına kömək edə bilər.

Hesab edirəm ki, mövcud normativ-hüquqi aktların tələblərinə əməl olunması bu sahədə bir sıra problemlərin həllinə imkan verə bilər”.

Nuray Paşşanlı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top