Günorta saatlarında özünü halsız hiss etmək, enerjinin azalması və diqqəti toplamaqda çətinlik çəkmək bir çox insanın qarşılaşdığı problemlərdəndir. Mütəxəssislərin fikrincə, bu halın əsas səbəblərindən biri nahar zamanı düzgün qidalanmamaqdır.
Xüsusilə zülal və liflə zəngin olmayan yeməklər günün ikinci yarısında yorğunluğun artmasına səbəb ola bilər.
Mütəxəssislər enerji çatışmazlığını aradan qaldırmaq üçün şirniyyat və qəhvəyə üstünlük vermək əvəzinə, balanslı qidalanmağı məsləhət görürlər. Ət, yumurta və balıq kimi zülal mənbələri orqanizmin enerji ehtiyacının qarşılanmasında mühüm rol oynayır.
Yeməkdən sonra 10-20 dəqiqəlik sürətli gəzinti də faydalı vərdişlərdən hesab olunur. Bu, qan şəkərinin tənzimlənməsinə kömək etməklə yanaşı, yeməkdən sonrakı yuxululuğu azalda bilər.
Bundan əlavə, kifayət qədər su içmək və az miqdarda çərəz qəbul etmək də enerji səviyyəsinin qorunmasına kömək edir. Çərəzlərin tərkibindəki sağlam yağlar orqanizm üçün uzunmüddətli enerji mənbəyidir.
Qeyd olunur ki, saat 15:00 radələrində enerjinin azalması təkcə qidalanma ilə deyil, həm də insanın bioloji saatı ilə əlaqəlidir. Sirkadiyal ritmin təbii dəyişiklikləri bu saatlarda yuxululuq yarada bilər.
Bununla yanaşı, qanda qlükoza səviyyəsinin kəskin azalması yorğunluğu və diqqət dağınıqlığını daha da gücləndirə bilər. Belə hallarda insanın şirniyyata və karbohidratlı qidalara meyli də arta bilər.


