Gəncə idmanının şanlı keçmişində xüsusi yeri olan, bir zamanlar regional miqyasda ən böyük idman kompleksi hesab edilən keçmiş “Metallurq” stadionunun bugünkü acınacaqlı vəziyyəti şəhər ictimaiyyətində böyük təəssüf və ciddi narahatlıq doğurur. İllər boyu minlərlə uşaq və gəncin idmanla məşğul olduğu, sağlam həyat tərzi keçirdiyi bu tarixi idman məbədi bu gün tamamilə sıradan çıxarılaraq yararsız hala salınıb. Təəssüf ki, hektarlarla ərazisi olan bu böyük mərkəzin fəaliyyətsizləşdirilməsi və ardınca başqa məqsədlər üçün istifadəyə hazırlanması açıq-aşkar göz qabağındadır.
Demokrat.az Musavat.com-a istinadən xəbər verir ki, tanınmış vəkil Ceyhun Yusifov obyektin özəlləşdirilməsi və yaradılan acınacaqlı mənzərə ilə bağlı həyəcan təbili çalaraq məsələnin mənəvi, sosial və hüquqi tərəflərini diqqətə çatdırır:

“Gəncə şəhərində yerləşən və bir zamanlar bölgənin ən böyük idman mərkəzi hesab olunmuş keçmiş “Metallurq” stadionunun bugünkü vəziyyəti ciddi narahatlıq doğurur. Bütün uşaqlığım həmin stadionda keçib. Bu idman mərkəzinin Gəncə üçün nə qədər böyük əhəmiyyət daşıdığını şəhər sakinlərinin böyük bir hissəsi çox yaxşı bilir. Bir vaxtlar burada minlərlə uşaq və gənc idmanla məşğul olub, futbol oynayıb, sağlam həyat tərzi keçirib. Təəssüf ki, bu gün həmin idman mərkəzi tamamilə dağılmış və yararsız vəziyyətə salınıb. İnsanda belə bir təəssürat yaranır ki, hektarlarla ərazisi olan bu böyük idman mərkəzinin əvvəlcə fəaliyyətsiz vəziyyətə gətirilməsi, daha sonra isə ərazisinin başqa məqsədlərlə istifadəsi üçün şərait yaradılıb. Mən həmin ərazinin kim tərəfindən özəlləşdirildiyini də bilirəm. Təəssüf doğuran məqam ondan ibarətdir ki, aidiyyəti dövlət qurumlarının da Gəncəbasarın ən böyük idman-sağlamlıq mərkəzlərindən birinin hansı məqsədlə özəlləşdirildiyindən və həmin ərazidə gələcəkdə nələrin planlaşdırıldığından xəbərsiz olmadığını düşünürəm. Bu mərkəzdə təxminən bir əsrə yaxın yaşı olan yaşıllıq zolağı mövcud idi. Burada qalın meşə massivi var idi. Bu gün isə həmin yaşıllıqdan, demək olar ki, əllə sayılacaq qədər az sayda ağac təsadüfən salamat qalıb. Azərbaycanda futbolun inkişafı ilə bağlı əsas rəsmi sənədlərdən biri Azərbaycan Respublikasında 2005–2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı olmuşdur. Dövlət Proqramının mövcud olduğu halda fürsətçilər isə bu sahənin qoruyucusuna çevrilmək əvəzinə, sanki sahibinə çevrilmişlər.
Halbuki Gəncədə cinayətkarlıqla mübarizənin ən yaxşı yollarından biri uşaqların və gənclərin idmana, xüsusilə də futbola cəlb edilməsidir. Uşaq futbolunu inkişaf etdirməklə yanaşı, futbola olan sevgini yenidən stadionlara daşımaq və bu futbol məbədini Gəncə sakinlərinə qaytarmaq mümkündür. Heç düşünürsünüzmü ki, bu stadion Azərbaycan futboluna, Azərbaycan idmanına və ölkə elitasına kimləri bəxş edib? Bu stadionun Azərbaycan futbolu üçün tarixi və mənəvi əhəmiyyətini nəzərə alırsınızmı?
Ceyhun Yusifov idman nazirinə müraciət edərək yazır:
“Göz görə-görə həmin stadionun və onun ərazisinin tikinti sahəsinə, xüsusilə də göydələnlərin inşası üçün istifadə olunan əraziyə çevrilməsinə imkan verməyin. Bəlkə də vaxtilə qəpiyə alınmış həmin Mərkəzin özəlləşdirilməsi məsələsinə yenidən baxmaq, bu özəlləşdirməni ləğv etmək və ərazini yenidən Gəncə sakinlərinə qaytarmaq mümkündür. Bəlkə də bununla 100 minlərlə insanın Allaha və bəndəyə etdiyi duaların qarşılığını qazanarsınız. Bu ərazi sadəcə hektarlarla torpaq sahəsi deyil. Bura Gəncənin tarixidir, uşaqlığımızdır, xatirələrimizdir, Azərbaycan futbolunun bir parçasıdır. Bu stadionun taleyinə bu gün sahib çıxılmasa, sabah çox gec ola bilər. Sonra deməyin ki, xəbərimiz olmayıb”.

