Partiya sədri: “Azərlotereya” millətin cibindəki 3-5 qəpiyi də əllərindən alır”

GÜNDƏM 17 iyn 2022, 11:45
“Azərlotereya” ASC-nin küçələrdə açıq qumar təşkil etməsi, milləti buna sövq etməsi ciddi ictimai bəlaya çevrilməkdədir. 

Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib. Partiya sədri qeyd edib ki, bu qumar oyunları aşkar şəkildə camaatın evini yıxmaqla məşğuldur:

“Hesab edirəm ki, dövlət bu məsələyə müdaxilə etməli və təcili tədbirlər görülməlidir. “Azərlotereya” ASC hər hansı ərazi və ya məntəqələr müəyyən etmədən şəhərin bütün nöqtələrində, az qala hər küçədə “Poz, qazan” qumarı təşkil edir. Bu da yolverilməz haldır. Üstəlik, oynayan imkanlı təbəqə deyil. Millətin cibindəki 3-5 qəpiyi də əllərindən alırlar. Çox təəssüf ki, buna göz yumulur və kütləvi hal almaqdadır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, ölkədə hər şey bahalaşıb, ərzaq, kommunal xidmətlərin qiymətləri qalxıb, əhalini xərclərin kəskin şəkildə artdığı bir dövrdə qumara təhrik etmək, küçələrdə mərc yarışları keçirməklə insanları şirnikləndirmək doğru deyil”.



F.Əliyev hesab edir ki, səyyar şəkildə ticarətə imkan yaradılmalı, iş yerləri açılmalı, əhalini sosial rifahının xeyrinə qərarlar qəbul olunmalıdır:

“Daha mərc yarışları yox! Bu, kimə xeyir gətirir? Qumarı təşkil edənlərdən əlavə kim qazanır? Əhalinin xeyrinə burada nə var? Çoxu uduzur, insanların pulu gedir. Nəticədə qazanan bir mərkəz olur. Ona görə insanların maraqlarına fayda verməyən, onları soğan qabığı kimi soyan bu neqativləri azaldılmalıdır. Gənclərin asudə vaxtları üçün alternativ şərait yaratmaq lazımdır. İnsanların yaxşı yaşamaq üçün istirahət etməyə imkanları olmalıdır. İqtisadi baxımdan güclü ölkə olmalıyıq. Oğurluq, rüşvət, korrupsiya aradan götürülməlidir. İnsanların məşğulluğu təmin olunmalıdır, orta, xırda biznes inkişaf etməlidir. Bunun üçün yeni, insanlara xeyir gətirən üsullar tapmalıdırlar. “Poz, qazan”, “Misli”, “Topaz” kimi qumarla, nə bilim kazino ilə olmur heç nə. Bunlar cəmiyyət üçün neqativ, onu uçuruma aparan nümunələrdir”. 

Aynurə Pənahqızı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top