
Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Bu barədə Demokrat.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, bir müddət əvvəl Ukraynanın istehsalçı şirkəti "Vinnytska Ptahofabryka" MMC-nin "Pererobniy Compleks" filialına məxsus dondurulmuş toyuq məhsulunda aşkarlanmış uyğunsuzluqla əlaqədar Agentlik tərəfindən məhdudiyyət tətbiq olunmuşdu.
Belə ki, AQTA-nın bildirişi əsasında, Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehsalçı müəssisədə baytarlıq nəzarəti tədbirləri görülüb və laborator müayinələr aparılıb. Müvafiq sağlamlaşdırma tədbirləri və epizootoloji monitorinqlərlə bağlı AQTA-ya ətraflı məlumat verilib.
Ukrayna tərəfindən baytarlıq norma və qaydalarına, həmçinin qarşılıqlı idxal-ixrac əməliyyatları ilə bağlı müvafiq tələblərə əməl olunacağına dair zəmanətin verilməsi nəzərə alınaraq, istehsalçının respublikamıza məhsul idxalına qoyulmuş müvəqqəti məhdudiyyət aradan qaldırılıb. AQTA-nın qərarı ilə bağlı Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müvafiq məlumat verilib.