"Bu münasibətlərin uzunmüddətli gərginliyi hər iki iqtisadiyyata mənfi təsir edəcək, amma..." — AÇIQLAMA

GÜNDƏM 11 iyul 2025, 21:16
"Rusiya və Azərbaycan arasındakı müşahidə edilən siyasi gərginliyin hər iki ölkənin iqtisadiyyatına bu və ya digər təsirləri olacaq. Bu təsirlər prosesin növbəti mərhələdə hansı dərinlikdə inkişaf edəcəyi, nə qədər müddət davam edəcəyi və hansı kanallarla iqtisadiyyata ötürüləcəyindən asılı olacaq". 

Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib. 

O bildirib ki, Azərbaycan iqtisadiyyatı bu baxımdan daha həssas hesab oluna bilər, çünki kiçik iqtisadiyyatdır:

"Rusiya Azərbaycana 3 dəfə artıq mal satsa da, iqtisadiyyatımızın miqyasının kiçik olması təsirləri daha nəzərəçarpan edir.Əsasən qeyri-neft və kənd təsərrüfatı məhsullarının ixracı təhdid altına düşə bilər.   Kənd təsərrüfatı bu baxımdan zəif dayanıqlıdır və risklər istehsalata təsir edə bilər".

İqtisadçının sözlərinə görə, buğda kimi əsas məhsullar Rusiyadan alınır:

"Rusiya fərqli kvotalar və rüsumlar tətbiq edə bilər, bu da qiymət artımına səbəb ola bilər.

Cənub bölgəsi, Şəmkir, Qazax kimi rayonlar remitensiyalardan asılıdır. Remitensiyaların azalması bu bölgələrin sosial vəziyyətinə mənfi təsir edə bilər. Gərginlik Rusiya istiqamətində yükdaşımaların azalmasına səbəb ola bilər. Bu da Azərbaycanın tranzit gəlirlərinə və bu sahəyə bağlı sahələrə mənfi təsir göstərə bilər.

Bu münasibətlərin uzunmüddətli gərginliyi hər iki iqtisadiyyata mənfi təsir edəcək, amma Azərbaycan üçün təsirlərin miqyası daha böyük ola bilər".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top