"Hərbidə Sovetdən qalma 18 yaş qaydası artıq dəyişməlidir" — TƏKLİF

GÜNDƏM 11 iyul 2025, 20:15
"Ordu belə bir qurumdur ki, orada kiçik komandir heyətindən tutmuş böyük komandir heyətinə qədər qarşıda qoyulan tapşırıqları yerinə yetirməlidirlər. Hazırlıq müddəti var, qavrama qabiliyyəti var. 18 yaş isə məktəbi başa vuran kimi əsgərliyə getmək deməkdir. Çağırışçıların 20 yaşa çatdırılması müsbət hal kimi qəbul edilə bilər. 2 il fərq böyük fərqdir və həmin çağırışçımız artıq sərbəst xidmət edə bilər".

Bu sözləri Demokrat.az-a açıqlamasında hərbi məsələlər üzrə ekspert Rövşən Məhərrəmov deyib. 

"Ordu daxilində döyüş qabiliyyətinin artırılmasında, təlim-tərbiyə işlərində komandir heyətinin rolu böyükdür. Çağırışçılar müxtəlif ailələrdən gəlirlər. 

Əgər bu yaş artımı təklifi qəbul olunsa, bu, ölkəmiz üçün müsbət nəticə verəcək. Orduda xidmət çətindir, təlimlər ağırdır və əsgərlərin üzərinə eyni yük düşür. Amma yaş artdıqca məsuliyyət və öhdəlikləri dərk etmək də artır".

Ekspert bildirib ki, intihar hallarının azalması, bədbəxt hadisələrin qarşısının alınması, silahlarla davranışda məsuliyyətin artması 20 yaşlı çağırışçılarda daha mümkün ola bilər:

"Digər ölkələrdə də bu təcrübə var. Avropa dövlətlərində, məsələn, Almaniya, İtaliya kimi ölkələrdə çağırış yaşı 20-dir. 20 yaşlı gənclər artıq dərketmə və məsuliyyət baxımından daha yetkindirlər.

Sovetdən qalma 18 yaş qaydası artıq dəyişməlidir. Biz müstəqil dövlətik, öz qanunlarımızı milli maraqlara uyğun formalaşdırmalıyıq. Nizamnamələr də dəyişməli, hərbi xidmət haqqında qanunlarla uyğunlaşdırılmalıdır. Bu dəyişikliklərin Müdafiə Nazirliyi və digər qurumlar tərəfindən hazırlanaraq Milli Məclisə təqdim olunması vacibdir.

Resurslarımız kifayət qədərdir, ehtiyat qüvvələrimiz formalaşıb, 44 günlük müharibədə qələbə qazanmışıq. Təhlükə əvvəlki kimi deyil. Bu dəyişiklik müsbət təsir edəcək və inanıram ki, gələcəkdə effektini göstərəcək".



Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top