"Bu, nəinki Cənubi Qafqaz, həm də qlobal diplomatik tarix üçün unikal bir modeldir" — Politoloq

GÜNDƏM 11 iyul 2025, 22:25
“Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş son görüş, sadəcə iki dövlət arasında deyil, həm də beynəlxalq diplomatiya tarixində nadir rast gəlinən bir hadisə olaraq yadda qalır. Bu görüşün ən mühüm özəlliyi heç bir vasitəçi olmadan keçirilməsi və tərəflərin birbaşa dialoq formatında müzakirə aparmasıdır”.

Bu sözləri Demokrat.az-a açıqlmasında politoloq Zeynal Əmrəliyev deyib. 

O bildirib ki, dünya təcrübəsində adətən münaqişə tərəfləri arasında vasitəçilər, böyük güclər, beynəlxalq təşkilatlar və ya regional bloklar olur:

“Niyə bu görüş Moskva, Brüssel və ya Vaşinqtonda deyil, məhz Əbu-Dabidə baş tutdu? Cavab sadədir. Həmin aktorlar (Rusiya, ABŞ, Aİ) Qarabağ məsələsində maraqlı tərəf kimi çıxış etdiklərindən, bəzən obyektiv vasitəçi rolunu oynaya bilmirdilər. Halbuki BƏƏ bu məsələdə neytral qalaraq iki dövlətin qarşılıqlı maraqlarına uyğun gələn platforma təqdim edə bildi. Əbu-Dabi görüşü həmçinin Albaniyanın Tirana şəhərində keçirilmiş əvvəlki görüşlərin məntiqi davamıdır, lakin daha yüksək səviyyədə və konkret nəticələrə yaxınlaşma baxımından seçilir. Bu görüş sülh müqaviləsinin imzalanmasına aparan yolun açarı ola bilər. Ən mühüm cəhət isə budur ki, bu prosesdə vasitəçi yoxdur. Bu, nəinki Cənubi Qafqaz, həm də qlobal diplomatik tarix üçün unikal bir modeldir. İki düşmən dövlətin müharibədən sonra vasitəçisiz danışıqlar apararaq barışa doğru irəliləməsi, gələcəkdə digər münaqişə bölgələri üçün də nümunə ola bilər”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top