Qubada evinə yad kişi gətirən şəxs arvadını təhqir etdi, oğlu isə... — Təfərrüat

KRİMİNAL 10 noy 2021, 10:45
Quba rayonunda 2001-ci ildə Vəli atası Məmmədə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Vəli bu ilin avqustun 27-də, aat təxminən 16.30-da Quba rayonu, Kürkün kəndində yaşadığı evin həyətində aralarında ailə-məişət münasibətləri zəminində yaranmış mübahisə zamanı atası Məmmədi döyüb. Oğlu tərəfindən döyülən Məmməd müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

İstintaq orqanı tərəfindən Vəlinin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vəli bildirib ki, zərərçəkmiş Məmməd onun atasıdır: “Son vaxtlar atam spirtli içkiyə aludəçi olduğundan tez-tez evimizdə mübahisələr yaranır. Avqustun 27-də, təxminən saat 16 radələrində atam yaşadığımız evdə anama çay hazırlamağı bildirdi. Bu zəmində onların aralarında mübahisə yarandı. Atam ilə anamın mübahisə etdiklərini gördüm, onlara yaxınlaşdım. Atam anamın ünvünına dediyi sözlər mənə pis təsir etdiyindən anamı müdafiə etmək məqsədi ilə atamın sifətinə yumruqla, sol qabırğa nahiyyəsinə bir dəfə təpiklə vuraraq onu yerə yıxdım. Bundan sonra atam tibbi yardım almaqdan ötrü həyətdən getdi. Sonra mənə məlum oldu ki, atamın qabırğalarında sınıq olub”. 

Vəli ifadəsinin sonunda etdiyi əməldən peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxslə barışdığını bildirib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Məmməd bildirib ki, 1998-ci ildə arvadı Məleykə ilə rəsmi ailə həyatı qurub: “Bu nigahdan bir qızımız və Vəli adlı oğlumuz dünyaya gəlib. Son vaxtlar həyat yoldaşım ilə münasibətlərimiz qısqanclıq zəminində pozulub və mütəmadi olaraq aramızda mübahisələr, münaqişələr yaranıb”. 

Zərərçəkmiş şəxsin sözlərinə görə, avqustun 27-də, təxminən saat 16 radələrində evə sərxoş vəziyyətdə gəlib: Məni Hikmət adlı şəxs avtomaşını ilə gətirdi. Mən də Hikməti evimə dəvət etdim. Arvadıma çay hazırlamağı bildirdim. Həmin vaxt arvadım evdə səs-küy saldı və Hikmətin getməsini bildirdi. Hikmət də maşınına minərək getdi. Bu səbəbdən arvadım ilə münaqişələrimiz yarandı. Oğlum da bizim mübahisələrimizə qoşuldu. Həmin vaxt oğlum məni yerə yıxdı, sifətimə yumruqla, sol qabırğama isə təpiklə vuraraq məni döydü. Döyüldükdən sonra qabırqam ağrıdığı üçün Qusar rayon Mərkəzi Xəstəxanasına getdim. Rentgen müayinəsi zamanı müəyyən olundu ki, qabırğam sınıb”. 

Məmməd ifadəsinin sonunda oğlu Vəli ilə barışdığını bildirib. O, oğlunun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edib. 

Quba rayon Məhkəməsinin hökmü ilə Vəlinin atası ilə barışması nəzərə alınıb. Bu səbəbdən Vəlinin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top