Fərhad Əhmədov məhkəmədə ifadə verib

KRİMİNAL 16 oktyabr 2025, 19:35

Külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunan Fransanın "SAUR" şirkətinin vitse-prezidenti Anass Derraz barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə davam edən prosesdə azərbaycanəsilli rusiyalı milyonçu Fərhad Əhmədov şahid kimi ifadə verib.

O, ifadəsində bildirib ki, təqsirləndirilən Anass Derrazı şəxsən tanıyır və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib: "Keçmiş həyat yoldaşımın əsassız iddiası ilə İngiltərə məhkəməsinin qərarı ilə yaxtaya həbs qoyulub. Bununla bağlı Birləşmiş Ərəb Əmirliklərinə məlumat verilmişdi, yaxta beynəlxalq sularda olarkən saxlanılmışdı. Məsələni Anass Derraza danışarkən o da bu məsələdə Aleksandr Benalla ilə əlaqə yaratmışdı. Onun köməyilə beynəlxalq imkanlarından istifadə etməklə yaxtamın üzərinə qoyulan həbs götürülməli idi. Bununla bağlı söhbətlər əsasında işin görülməsi üçün 6 milyon 140 min dollar lazım olduğunu dedilər. Bu işin görülməsi üçün ilkin olaraq 600 min dollar köçürülməli idi. Həmin puldan 400 min Aleksandr Benallanın, 200 min Derrazın hesabına öz şəxsi bank hesabımdan köçürmə etdim. Amma onlar öz öhdəliklərini icra edə bilmədilər".

F.Əhmədov daha sonra əlavə edib: "DTX-də Anass Derrazın ifadəsi alınıb, mən də izahat verdim. Burada dələduzluq, aldatma var. Başqa cür deyim ki, rüşvət də ola bilər. Derraz həmişə söhbətdən qaçırdı. Deyirdi ki, pulu qaytaracağam. Mənim Göyçayda nar plantasiyalarım var, camaat orada 6-7 saata 20 manat pul alaraq çalışır. Bunlar isə 600 min dollar alıb heç nə etməyiblər. Bu pulu niyə qaytarmırsınız? Mən yalnız Derraz ilə söhbət etmişəm. Mənim Aleksandr Benalla ilə əlaqəm olmayıb, onunla görüşməmişəm. Həmin dövrdə Anass Derrazı hüquqşünas kimi tanımışam, onun mühəndis olduğunu bilməmişəm".

Daha sonra Fərhad Əhmədovun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. İfadəsində bildirib ki, o, 2000-ci ildə həyat yoldaşından boşanıb, daha sonra yaxtasının üzərinə həbs qoyulub: "Bu məsələ ilə bağlı Aleksandr Benalla və Anass Derrazın iştirakı ilə aramızda üçtərəfli müqavilə bağlanıb".

Proses noyabrın 6-da davam edəcək.

Qeyd edək ki, ittihama görə, DTX tərəfindən istintaqı aparılan cinayət işi üzrə Fransa prezidentinin mühafizə xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla avro dövriyyəsi olan "SAUR" şirkətinin vitse-prezidenti Anass Derraz 2018-ci ildə azərbaycanəsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.

Həmin iş üzrə əvvəllər xarici və yerli mətbuatda dərc edilmiş məqalələrdə qeyd edilir ki, adıçəkilən şəxslər Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli "Luna" yaxtasının beynəlxalq həbsdən azad ediləcəyini, özünün sanksiyalardan qorunacağını vəd ediblər.

Məlumatlara əsasən, F.Əhmədov milyonlarla dollarlıq rüşvətin bir hissəsini Anass Derrazın "Al Hilal Bank"dakı hesabına və Aleksandr Benallanın "Bank of Africa United Kingdom PLC SC PAR"dakı hesabına köçürüb.

A.Derraz Azərbaycanda məsuliyyətə cəlb olunaraq ölkədən çıxışına qadağa qoyulub, A.Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlı İnterpola müraciət olunub.

Anass Derraza Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan olunub.

Onun barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top