
Xalq artisti, tarzən Ramiz Quliyev 78 yaşında vəfat edib.
Axşam.az xəbər verir ki, mərhum sənətçinin oğlu, Əməkdar artist, dirijor Əyyub Quliyev "Xəzər axşamı"na müsahibəsində atasının səhhətinin yaxşıya doğru getdiyi üçün ötən gün xəstəxanadan evə gətirdiklərini bildirib:
"Daxilən peşmanlıq var. Bizim ümidlərimiz var idi ki, sağlamlığı bərpa olacaq. Çünki müalicəsi yaxşı gedirdi, müsbət dinamika var idi. Dünən onu evə gətirmişdik. Həkimlər evə yönləndirdilər. Dedilər ki, müalicə uğurlu gedir. Amma gözlənilmədən səhər saatlarında biz onu itirdik.
Ramiz Quliyevin bir neçə xroniki xəstəlikləri var idi. Amma əsas böyrək çatışmazlığından əziyyət çəkirdi. Ağciyərlərində problem var idi. Onu bir neçə gün ərzində süni nəfəs aparatından ayırmışdılar. Rahat danışırdı, hamımızı xatırlayırdı. Klinikadan evə gətirəndə də çox sevincli idi. Hər şey bir neçə saat içində gözlənilmədən oldu. Hamımız şokdayıq, özümüzə gələ bilmirik. Onun itkisi hamımız üçün çox böyükdür. Mən bilirəm ki, onun yeri həmişə boş qalacaq.
Əyyub Quliyev ötən gün Xalq artisti ilə arasında olan söhbətdən də bəhs edib:
"Mənimlə çox səmimi söhbətləri olmuşdu. Dünən xəstəxanadan qayıdanda mənə dedi ki, "Bilirsən də, həyat elədir ki, xeyirlə şər həmişə bir yerdə olur". Düzdür, mənasını bilirik, amma dünən bu sözləri niyə dediyini anlamadım. Hər zaman da aktiv idi. Xəstəxanada və evdə də deyirdi ki, geyinib çıxmaq istəyirəm".
Qeyd edək ki, Ramiz Quliyevlə vida mərasimi sabah saat 11:00-dan 13:00-a kimi Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Mərhum II Fəxri Xiyabanda dəfn olunacaq.