Mikrokreditlərin artımı İslam bankçılığına marağı artırır — Sabiq nazir

GÜNDƏM 15 oktyabr 2025, 19:26
"İslam banklarının fəaliyyəti adi bankların təcrübəsindən əsaslı şəkildə fərqlənir. Qlobal maliyyə sistemində İslam bankçılığı mahiyyətcə “faizsiz maliyyələşdirmə”dir. Bu sistem ilk dəfə 1963–1966-cı illərdə Misirdə tətbiq edilmiş və iqtisadçı alimlər tərəfindən hazırlanmış bank modeli əsasında formalaşdırılmışdır".

Bunu Demokrat.az-a açıqlamasında sabiq maliyyə naziri, professor Fikrət Yusifov deyib. O bildirib ki, mikrokreditlərin artan səviyyəsi qlobal səviyyədə İslam bankçılığına marağı artırır:

"İslam bankçılıq sistemi bilavasitə islami həyat tərzi ilə bağlı olur və onun fəaliyyət fəlsəfəsi ənənəvi bankların fəaliyyət fəlsəfəsindən əsaslı şəkildə fərqlənir. İslam bankları öz fəaliyyətlərində sosial nəticələri rəhbər tuturlar. 

İslam bankçılıq sisteminin fəaliyyətinin kökündə faizdən istifadəni və spekulyasiyanı qadağan edən şəriət prinsipləri dayanır. Etik və sosial məsuliyyətli investisiyalara artan maraqla İslam maliyyə sistemi həm müsəlmanları, həm də qeyri-müsəlmanları cəlb edir və bu, onun inkişafına öz töhfəsini verir".

Sabiq nazir qeyd edib ki, İslam bankları və maliyyə institutları həm İslam ərəb ölkələrində, həm də digər ölkələrdə mövcuddur:



"İslam banklarının adi banklardan sayca az olmasına baxmayaraq, onlar dünyada geniş yayılmışdır. Bu gün İslam bankçılığı Amerikadan tutmuş Çinə qədər bütün dünyada geniş yayılıb, müxtəlif ölkələrdə və regionlarda istifadə olunur. 

Təbii ki, ərəb ölkələri ən çox İslam bankları və maliyyə institutlarına malikdir.

İslam bank sistemi ilə Azərbaycanın bank sistemi arasında əməkdaşlığın yaxşı perspektivləri mümkündür".

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top