Pulu nağd qaydada vermək məhkəmədə problem yaradır — AÇIQLAMA

GÜNDƏM 15 oktyabr 2025, 17:45
"Elektron ticarətin prioritet olduğu 21-ci əsrdə pulu nağd qaydada verməkdən çəkinmək lazımdır, çünki nağd, yəni əldən-ələ verilən pul adətən heç bir iz qoymur. Bu isə gələcəkdə, xüsusilə məhkəmə və ya istintaq proseslərində həmin əməliyyatı sübut etməyi çətinləşdirir, bəzən isə tamamilə mümkünsüz hala gətirir". 

Bu sözləri Demokrat.az-a açıqlamasında vəkil Turan Abdullazadə deyib.

"Nağd ödənişin əsas hüquqi riski də məhz bundadır. Azərbaycan qanunvericiliyinə əsasən, hər hansı maddi vəsaitin ödənilməsini sübut etmək öhdəliyi onu iddia edən şəxsin üzərinə düşür. Yəni kimsə “mən pul verdim” deyirsə, o bunu sübut etməlidir. Nağd şəkildə verilən pullarda bank çıxarışı, qəbz və ya hər hansı elektron sənəd olmadığı üçün əməliyyatın rəsmi izi qalmır. Buna görə də, əgər bank köçürməsi, kartla ödəniş, qəbz, müqavilə və ya borc sənədi kimi sübutlar yoxdursa, məhkəmədə pulu həqiqətən verdiyinizi sübut etmək çox çətinləşir".

O bildirib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, müqavilənin bağlanması və icrası mütləq sübutlarla təsdiq olunmalıdır:

"Deməli, əgər siz pulu nağd versəniz, lakin qarşı tərəfdən heç bir sənəd almasanız, bu əməliyyatı sonradan sübut etmək mümkün olmaya bilər. Nağd ödəniş zamanı əməliyyatı təsdiqləyən sübutlar kimi bank köçürməsi və ya ödəniş tapşırığı, müqavilə və ya təhvil-təslim aktı, qəbz, faktura və ya borcun alınmasına dair yazılı sənəd təqdim edilə bilər. Bəzi hallarda kamera görüntüləri, şahid ifadələri və ya WhatsApp yazışmaları da sübut kimi istifadə olunur, lakin bunlar daha zəif dəlil hesab edilir. Ona görə də, pulu nağd verərkən bunun iz qoymadığını və sabah üçün hüquqi baxımdan etibarsız görünə biləcəyini unutmayın".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top