Moskvada başlayan mübahisə Şəkidə qanla bitdi

KRİMİNAL 17 oktyabr 2025, 17:33
Şəkidə 1994-cü il təvəllüdlü Həmzət adlı şəxs həmyerlisi Məmmədəlini bıçaqlayıb.

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin aprelin 16-da  rayonun Kiçik Dəhnə kəndi ərazisində yerləşən “Dəhnə” şadlıq sarayında baş verib. 

Həmzət həmin gün saat 15 radələrində alkoqol sərxoşluğu vəziyyətində şadlıq sarayında keçirilən toy şənliyində onunla bir masada yanaşı əyləşmiş həmkəndlisi Məmmədəlinin Rusiya Federasiyasında olan zaman guya kirayədə yanında qaldığı şəxslərin cibindən pul oğurlamaqla özünün və Rusiya Federasiyasinda yaşayan Kiçik Dəhnə kənd sakinlərinin nüfuzuna xələl gətirməsini bildirməsini bəhanə edib. 

Bu zaman  o, zərçəkmiş şəxsin ünvanına ucadan nalayiq ifadələr işlədib. Sonra isə Məmmədəlini cəzalandırmaq məqsədilə bıçaqla onun sol ayağının bud nahiyəsinə xəsarətlər yetirib.

Hadisəni törədən Həmzətin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, aprelin 16-da qonşuları Nəbi Yolçu oğlu onu oğlu Samirin yaşadıqları kəndin ərazisində yerləşən “Dəhnə” şadlıq sarayında keçirilən toy məclisinə dəvət etdiyi üçün saat 13 radələrində həmin toy məclisinə gedib: “Toyda qonşularım Məzahir, Safail, Elşən və tanımadığım digər şəxslərlə bir stol arxasında əyləşdim. Toyda həmkəndilərim ilə yemək yeyib, çoxlu araq içdik. Bir qədər sonra məni yaxınlıqdakı stoldan dəvət etdiklərindən həmin stola getdim. Oradakı şəxslərlə salamlaşdım, həmin stolun arxasında oturdum. Təxminən 20-30 dəqiqədən sonra Məmmədəli sərxoş vəziyyətdə həmin stola gələrək sağ tərəfimdə stolun baş hissəsində əyləşdi”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, 2024-cü ilin fevral ayında həmkəndlisi Məmmədəli Moskva şəhərinə işləməyə gəlib: “Həmkəndlim kimi mənimlə görüşdü. Söhbət edəndə Məmmədəli iş axtardığını və ona iş tapmaqda köməklik etməyimi xahiş etdi. Mən də Moskva şəhərində “Sadavod” bazarında ona anbardar işi tapdım. Məmmədəli həmin bazarda işə başlayandan sonra anbarın müdiri ilə bir evdə qalırdı. On gün sonra anbarın müdiri olan tacik zəng vurdu və dedi ki, sən xahiş etdin, mən sənin yerlini işə götürdüm, ancaq sənin yerlin mənim cibimdən 15.000 rus rublu məbləğində pulumu oğurlayıb. Səhəri gün Məmmədəliyə zəng etsəm də, zəngimə cavab vermədi. Bu söhbət məlum hadisədən əvvəl olub”. 

Həmzətin ifadəsinə görə, toyda stolda oturduqdan sonra Məmmədəli yersiz gülümsəmələr edib, danışmağa başlayıb: “Mən isə onunla danışmaq istəmədim. Məmmədəli getdikcə səsinin tonunu qaldırdığından əsəbləşdim. Ona getməsini desəm də, o, getməyərək səsinin tonunu daha da qaldırmağa başladığından özüm ilə çaxır və pivə açmaq üçün gəzdirdiyim küt alətlə oturduğu yerdə Məmmədəlinin sol bud, sol baldır nahiyəsindən vurdum. Həmçinin oturduğum yerdə bir dəfə təpiklə sol ayağına vurdum. Məmmədəlini bıçaqla vurandan sonra ayağa qalxdım, restorandan çölə çıxdım. Sonra qonşumuz İsraillə piyada kəndə doğru getdik. Yolda kəndə gedən bir maşın saxlayaraq bizi götürdü. Həmin avtomobilin sürücüsü məni və İsraili kənddə idarə qabağı adlanan ərazidə düşürdü. Sonra İsraillə Şahinin kafesinə çay içməyə getdik”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Məmmədəlinin sözlərinə görə, təqsirləndirilən Həmzət onun həmkəndlisidir: “Əvvəllər Həmzətlə normal münasibətlərimiz olub. Aramızda ədavət və düşmənçiliyimiz olmayıb. Aprelin 16-da qonşumuzun məni oğlu Samirin toy məclisinə dəvət etdiyi üçün həmin toy məclisinə getdim. Toyda həmkəndlim Məsudla bir stol arxasında əyləşdik. Həmin stolun arxasında başqa şəxslərdə olub. Toyda Məsudla, Məmmədlə birlikdə yeyib içdik. Həmçinin mən təxminən 300-400 qram araq içdim. Saat 15 radələrində həmkəndlim Həmzət və digər şəxs bizim stola gəldi. Mən stolun baş hissəsində oturdum. Həmzət mənim sol tərəfimdə, Məsud da yanımda əyləşdi. İsrail isə mənim sağımda Həmzətlə üzbəüz oturdu. Biz bir qədər söhbət etdik. Deyib, güldük. Söhbət əsnasında Həmzət dedi ki, guya Moskva şəhərində məni işə düzəltdiyi yerdə milliyyətcə tacik olan şəxsin pulunu oğurlamışam, miliyyətcə tacik olan şəxs də həmin pulu Həmzətə “perevod” edib. Həmzət həm də dedi ki,  oğurladığım pulun içində onun da pulu var. Bildirdim ki, Moskva şəhərində işləyəndə nə milliyyətcə tacik olan şəxsin, nədə ki başqa bir şəxsi pulunu oğurlamamışam. Həmzətə heç kəsin pulunu oğurlamadığımı deyəndən sonra ayağa qalxdım və ayaq üstündə mənə süzülən araq stəkanını əlimə alaraq içmək istədim. Birdən Həmzət mənə nalayiq söyüş söydü. Mən də ona nə üçün söydüyünü dedim. Həmzət yenə söyüş söydüyü üçün aramızda mübahisə yarandı. Mübahisə zamanı stula oturdum. Həmzət şalvarının kəmərinə taxdığı bıçağı çıxararaq bir dəfə sol bud nahiyəmə, bir dəfə isə sol baldır nahiyəmə vurdu”. 

Bu cinayət işinə Şəki Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Həmzət 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb. 

Təqsirləndirilən şəxsin müdafiəçisi hökmdən apellyasiya şikayəti verib. O, Şəki Rayon Məhkəməsinin 1 may 2025-ci il tarixli hökmünün ləğv edilməsini, müvəkkilinin əməlini Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsinə tövsif edilməsini, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs ilə barışması nəzərə alınaraq cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edib. 

Bu şikayətə Şəki Apellyasiya Məhkəməsində baxılıb. Yuxarı instansiya məhkəməsinin hakimləri apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul ediblər. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top