Fransa ilə münasibətlərdə yeni DÖVR

GÜNDƏM 17 oktyabr 2025, 18:56
"Artıq münasibətlərin normallaşması istiqamətində addımlar atılır və Prezidentin də çıxışından aydın oldu ki, Fransa ilə Azərbaycan arasındakı problemli məsələlər geridə qalıb. Hazırda iki ölkə arasında ciddi fikir ayrılığı yoxdur".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib. 

"Uzun müddət Fransa Ermənistanı dəstəkləyərək Qarabağ probleminin həllinə mane olmağa çalışırdı. Lakin indi Paris anlayıb ki, bu məsələ artıq həllini tapıb və geriyə dönüş üçün heç bir əsas yoxdur. Fransa istədiyinə nail ola bilmədi və nəticə etibarilə reallıqları qəbul edərək geri çəkilməyə məcbur qaldı".

O bildirib ki, son dövrlərdə beynəlxalq tədbirlərdə Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan Prezidenti İlham Əliyevə münasibətində də bu dəyişiklik açıq şəkildə hiss olunur:

"Makron artıq görüşlərdə yaxınlıq göstərməyə, münasibətləri bərpa etməyə çalışır. Bu da onu göstərir ki, Fransa tərəfi əvvəlki siyasətindən müəyyən qədər peşmanlıq hissi keçirir.

Azərbaycan və Fransa arasında münasibətlərin inkişafı üçün kifayət qədər geniş perspektivlər mövcuddur. Əvvəllər də iki ölkə arasında əməkdaşlıq normal səviyyədə olub. Heydər Əliyev Fondu Fransada müxtəlif layihələr həyata keçirib və bu, humanitar əlaqələrin möhkəmlənməsinə xidmət edib".

Politoloq deyib ki, Fransanın “Total” kimi aparıcı şirkətləri Azərbaycanın enerji və infrastruktur layihələrinə sərmayə yatırıb, ölkədəki iqtisadi proseslərdə yaxından iştirak edir:

"Bu amil gələcəkdə də Azərbaycan–Fransa iqtisadi əlaqələrinin inkişafına töhfə verəcək. Düşünürəm ki, Fransa əvvəlki səhvlərindən nəticə çıxaracaq və bundan sonra Azərbaycanla münasibətlərin inkişafında yeni mərhələ başlayacaq. Artıq Cənubi Qafqaz siyasətində əvvəlki yanlış yanaşmaların təkrarlanmayacağına ümid var".



Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top