"Qalatasaray"ın sabiq futbolçusu Noa Langın "Napoli"dəki gələcəyi sual altına düşüb. Niderlandlı hücumçu ilə azarkeşlər arasında yaranan gərginliyin ardından onun qış transfer pəncərəsində komandanı tərk edə biləcəyi bildirilir.
Demokrat.az xəbər verir ki, gərginlik "Napoli"nin "Latsio" ilə qarşılaşmasında daha da artıb. Görüşdə komandanın fəal futbolçularından biri olan Lang rəqib müdafiəçilərə ciddi çətinlik yaradıb. O, Pedrozanın avtoqolu ilə "Napoli"yə bərabərlik qazandıran epizodun da iştirakçısı olub.
Lakin komanda yoldaşları qol sevincini yaşayarkən niderlandlı futbolçu yenidən "Curva A" azarkeş sektoruna tərəf dönərək əlini qulağına aparıb. Bu jest tribunalarla münasibətlərin yenidən gərginləşməsinə səbəb olub.
Matçın final fitindən sonra stadionu ilk tərk edən futbolçulardan olan Lang tribunadan ünvanlanan təhqiramiz şüarlara da məruz qalıb.
Nəşrin məlumatına görə, futbolçu ilə azarkeşlər arasındakı münasibətlərin pozulması onun komandadakı gələcəyinə də təsir edə bilər. Bu səbəbdən "Napoli"nin yanvarda gələcək təklifləri nəzərdən keçirməyə hazır olduğu bildirilir.
Langla maraqlanan klublar arasında "Ayaks", "Qalatasaray", "Atalanta" və "Cenoa"nın adları çəkilir. Beləliklə, İstanbul təmsilçisinin sabiq futbolçusunu yenidən heyətinə qatmaq ehtimalı gündəmə gəlib.
"Napoli"nin niderlandlı oyunçunun transferindən 15-20 milyon avro gəlir əldə etməyi planlaşdırdığı iddia olunur. İtaliya klubu Langı 2025-ci ilin yayında 25 milyon avro və bonuslar qarşılığında transfer etmişdi.



