60 yaşdan yuxarı insanların gündəlik istifadə etdiyi bəzi ayaqqabı modelləri ayaq sağlamlığına mənfi təsir göstərə və yıxılma riskini artıra bilər. Mütəxəssislər bu yaş qrupunda ayaqqabı seçiminə xüsusi diqqət yetirməyin vacibliyini vurğulayırlar.
Demokrat.az xəbər verir ki, bu barədə "Parade" jurnalı podoloqlarla (ayaqların, pəncələrin, dırnaqların və daban dərisinin sağlamlığı, eləcə də müxtəlif patologiyalarının profilaktikası və qulluğu ilə məşğul olan peşəkar mütəxəssis) apardığı söhbətə istinadən məlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, yaş artdıqca ayaqlarda təbii dəyişikliklər baş verir. Belə ki, daban və ayaqaltı nahiyədəki piy yastıqcıqları nazilir, əzələ və vətərlər əvvəlki gücünü və elastikliyini qismən itirir. Nəticədə insanın tarazlığını qoruması çətinləşir.
Bu səbəbdən ilk baxışdan rahat görünən, lakin ayağı lazımi səviyyədə dəstəkləməyən ayaqqabılar yaşlı insanlar üçün problem yarada bilər. Həkimlər bildirirlər ki, xüsusilə evdə hərəkət edərkən və pilləkənlərdən düşərkən yıxılma təhlükəsi nəzərə alınmalıdır. Belə hadisələr ciddi xəsarətlərə və sınıqlara səbəb ola bilər.
Podoloq Enn Şarkinin fikrincə, 60 yaşdan yuxarı şəxslər ayaq tağını yaxşı dəstəkləyən, daban hissəsi dərin, arxa tərəfi möhkəm və ayağı etibarlı şəkildə sabitləyən ayaqqabılara üstünlük verməlidirlər.
Digər mütəxəssis Cerri Roberts isə ayaq quruluşunun da seçim zamanı nəzərə alınmasını tövsiyə edir. Onun sözlərinə görə, yastıayaqlılığı və ya həddindən artıq elastik ayaq quruluşu olanlar hərəkətə nəzarəti təmin edən ayaqqabılar seçməlidirlər. Daha sərt ayaq quruluşuna, orta və ya yüksək ayaq tağına malik şəxslər üçün isə yaxşı amortizasiyalı modellər uyğun ola bilər.
Mütəxəssislər bəzi "Crocs" modellərinin evdə, bağ işlərində və qısa gəzintilərdə istifadə üçün uyğun olduğunu bildirirlər. Lakin gün ərzində çox hərəkət edən, işə gedən və uzun məsafələr qət edən şəxslərə ayağı yaxşı sabitləyən, dəstəkləyici xüsusiyyətlərə malik idman ayaqqabıları tövsiyə olunur.
Həkimlər vurğulayırlar ki, ayaqqabı seçərkən yalnız yumşaqlıq və rahatlıq deyil, ayağın anatomik quruluşuna uyğunluq və tarazlığın qorunması da nəzərə alınmalıdır.


