Alimlər faydalı bakteriyalardan əldə edilən postbiotiklərin alkoqolun qaraciyərə mənfi təsirini azaltmağa kömək edə biləcəyini müəyyən ediblər.
Demokrat.az xəbər verir ki, bu barədə "Food & Function" jurnalında dərc olunan araşdırmaya istinadən "Lenta.ru" məlumat yayıb.
Tədqiqat zamanı postbiotiklərin qaraciyər hüceyrələrinin zədələnməsini, orqanda yağ toplanmasını, iltihabı və oksidləşdirici stressi azaltdığı müşahidə edilib. Eyni zamanda, yağ mübadiləsinin göstəricilərində də yaxşılaşma qeydə alınıb.
Alimlərin fikrincə, bu təsir bağırsaq mikroflorasında baş verən dəyişikliklərlə əlaqəlidir. Postbiotiklər bağırsaq baryerinin bərpasına, faydalı bakteriyaların çoxalmasına və bəzi potensial zərərli mikroorqanizmlərin azalmasına şərait yaradıb.
Tədqiqatçılar hesab edirlər ki, əldə olunan nəticələr alkoqolun yaratdığı qaraciyər zədələnməsinə qarşı yeni vasitələrin hazırlanması üçün perspektivlər açır.
Lakin vacib məqam odur ki, bu təsir hələlik yalnız siçanlar üzərində aparılan təcrübələrdə təsdiqlənib. Postbiotiklərin insanlarda eyni nəticəni verib-verməyəcəyini müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac var.


