YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Restoranların kiçik hiyləsi: Ofisiantlar hesabla birlikdə niyə şirniyyat gətirir?

Restoranların kiçik hiyləsi: Ofisiantlar hesabla birlikdə niyə şirniyyat gətirir?

Restoranlarda hesab təqdim edilərkən müştəriyə verilən kiçik şokolad və ya konfet sadəcə nəzakət jesti olmaya bilər. Bu, müştərilərin daha çox bəxşiş qoymasına təsir edən psixoloji üsullardan biri hesab olunur.

Demokrat.az xəbər verir ki, bu barədə "NLC" nəşri araşdırmalara istinadən yazıb.

2002-ci ildə amerikalı tədqiqatçılar Devid Stromets, Brüs Rind, Rid Fişer və Maykl Linn tərəfindən aparılan araşdırma göstərib ki, hesabla birlikdə bir şokolad alan müştərilər heç bir hədiyyə almayanlarla müqayisədə daha çox bəxşiş qoyurlar. Tədqiqatın nəticələri "Journal of Applied Social Psychology" jurnalında dərc edilib.

Mütəxəssislər bu vəziyyəti psixologiyada "qarşılıqlılıq prinsipi" ilə izah edirlər. İnsan kiçik də olsa, xoş bir jestlə qarşılaşdıqda, buna qarşılıq vermək və yaxşı münasibət göstərmək istəyi yarana bilər.

Hədiyyənin verilmə vaxtı da əhəmiyyətlidir

Araşdırmalar göstərir ki, bəxşişin miqdarına yalnız hədiyyənin özü deyil, onun hansı anda təqdim edilməsi də təsir edir.

2025-ci ildə Saşa Hoffman və Frederik Hilkenmeyerin apardığı təcrübədə müştərilərə təqdim olunan kiçik içkinin vaxtının bəxşişə təsiri öyrənilib. "WiSt" nəşrində yayımlanan nəticələrə görə, hesab ödənilən zaman az miqdarda spirtli içki verilən müştərilər yemək zamanı eyni hədiyyəni alanlarla müqayisədə orta hesabla 24 faiz daha çox bəxşiş qoyublar.

Bununla belə, tədqiqatçılar hər belə jestin məqsədli manipulyasiya olmadığını vurğulayırlar. Bəzi hallarda şirniyyat həqiqətən də müştəriyə göstərilən diqqətin ifadəsidir.

Bəxşiş vermək məcburi deyil

Araşdırmalarda qeyd olunur ki, bəxşişin məbləği ilk növbədə xidmətin keyfiyyətindən asılı olmalıdır. Almaniyada restoranlarda hesabın təxminən 5-10 faizi həcmində bəxşiş qoyulması geniş yayılıb. Lakin bu, məcburi ödəniş deyil və qərarı müştəri özü verir.

Mütəxəssislər hesab edirlər ki, müştəri şirniyyat hədiyyəsinə görə avtomatik olaraq daha çox pul ödəməli olduğunu düşünməməlidir. Əsas meyar ofisiantın xidmətindən nə dərəcədə razı qalmasıdır.

Bundan başqa, bəzi restoranlarda bank kartı ilə ödənilən bəxşişin birbaşa xidməti göstərən əməkdaşa çatmaması mümkündür. Buna görə Almaniyada çalışan ofisiantlardan biri "SWR1" nəşrinə açıqlamasında bəxşişin nağd şəkildə birbaşa işçiyə verilməsini tövsiyə edib.

Ödəniş terminallarında isə müştərilərə əvvəlcədən 15, 20 və ya 25 faiz kimi bəxşiş seçimləri təqdim oluna bilər. Bu da bəzən insanın ilkin niyyətindən daha çox pul ödəməsinə səbəb olur.

Araşdırma müəlliflərinin tövsiyəsi sadədir: bəxşişin məbləğini restoranın təqdim etdiyi kiçik hədiyyəyə görə deyil, göstərilən xidmətin keyfiyyətinə əsasən müəyyənləşdirmək lazımdır.