Bəzi insanlar qarşılaşacaqları hadisələri əvvəlcədən hiss etdiklərini, tanımadıqları şəxslərin xarakterini ilk görüşdən anladıqlarını və ya baş verəcək problemləri öncədən duyduqlarını düşünürlər. Numerologiyada bu xüsusiyyətlər müəyyən doğum tarixləri ilə əlaqələndirilir.
Demokrat.az xəbər verir ki, "The Times of India" nəşrinin yazdığına görə, numerologiyada xüsusilə ayın 2-si, 7-si, 11-i, 16-sı və 29-da doğulan insanların güclü altıncı hissə malik olduğu iddia edilir.
Ayın 2-si, 11-i və 29-da doğulanlar
Hindistan numerologiyasında 2 rəqəmi Ayla əlaqələndirilir. Bu tarixlərdə doğulan insanların əsas xüsusiyyətinin ətrafdakıların emosiyalarını tez hiss etmək olduğu bildirilir.
Ayın 2-də doğulanların insanlarla ilk tanışlıq zamanı qarşı tərəfə etibar edib-etməyəcəklərini tez müəyyənləşdirdikləri iddia olunur. Bununla belə, gərgin və izdihamlı mühit onların emosional cəhətdən yorulmasına səbəb ola bilər.
Ayın 11-də dünyaya gələnlər isə parlaq və yadda qalan yuxuları, eləcə də güclü ilkin təəssüratları ilə fərqləndirilir. Numeroloji yanaşmaya görə, onlar bəzən hansısa məkanda və ya insanla ünsiyyətdə səbəbini izah edə bilmədikləri narahatlıq hissi keçirirlər.
29-da doğulanların isə ətrafdakı emosional gərginliyi və yaxınlaşan münaqişələri əvvəlcədən hiss etdikləri düşünülür. Onların əsas üstünlüyü insanların əhvalındakı dəyişiklikləri tez sezməkdir. Lakin şəxsi narahatlıqları ilə intuisiyanı qarışdırmamaları tövsiyə olunur.
Ayın 7-si və 16-da doğulanlar
Numerologiyada 7 rəqəmi Ketu ilə əlaqələndirilir. Bu tarixlərdə doğulanların intuisiyasının daha çox müşahidə və daxili təhlil üzərində qurulduğu iddia edilir.
Ayın 7-də doğulanların başqalarının diqqətindən yayınan detalları asanlıqla gördükləri, sənədlərdə və müqavilələrdə şübhəli məqamları tez müəyyənləşdirdikləri bildirilir. Onların tək qalmağa, düşünməyə və daxili səslərinə qulaq asmağa ehtiyac duyduqları vurğulanır.
Ayın 16-da doğulanlar isə qəfil dəyişikliklərə qarşı həssaslıqları ilə fərqləndirilir. Numeroloqlar bu insanların bəzən yuxular və ya izaholunmaz narahatlıq hissi vasitəsilə qarşıdakı hadisələr barədə xəbərdarlıq aldıqlarını iddia edirlər.
İntuisiyanı necə düzgün qiymətləndirmək olar?
Məqalədə güclü daxili hissləri düzgün dəyərləndirmək üçün insanlara öz təəssüratlarını qeyd etmələri tövsiyə olunur. Belə ki, bir müddət sonra hansı hisslərin gerçəkləşdiyini, hansılarının isə stress və narahatlıqdan qaynaqlandığını müəyyənləşdirmək mümkündür.
Bununla yanaşı, yorğun və emosional gərgin vəziyyətdə mühüm qərarlar verməmək, yuxu rejiminə diqqət yetirmək də məsləhət görülür.


