Kartofdan hazırlanan draniki (kartof kökəsi) dadlı olsa da, onların hazırlanmasında ən yorucu mərhələlərdən biri kartofun sürtgəcdən keçirilməsidir. Xüsusilə çoxlu kartof hazırlamaq lazım gəldikdə bu proses xeyli vaxt aparır. Lakin mətbəxdəki adi cihazlardan istifadə etməklə işi cəmi bir dəqiqəyə çatdırmaq mümkündür.
Demokrat.az xəbər verir ki, UNIAN nəşri kartofu sürtgəcdən istifadə etmədən xırdalamağın bir neçə üsulunu təqdim edib.
Kartofu blenderlə xırdalamaq
Bunun üçün adi mətbəx blenderindən istifadə etmək kifayətdir. Əvvəlcə kartofun qabığını soyub yuyun və iri tikələrə bölün. Kiçik kartofları isə bütöv şəkildə blenderə yerləşdirmək olar.
Kartofun üzərinə yarıya bölünmüş bir baş soğan əlavə edin. Daha sonra blenderi yüksək sürətdə işə salaraq ərzaqları xırda hissəciklər alınana qədər qarışdırın. Bu üsulla kartof kütləsini təxminən bir dəqiqəyə hazırlamaq mümkündür.
Soğanın əlavə edilməsi həm də kartofun qaralmasının qarşısını almağa kömək edir.
Ətçəkən maşından istifadə
Kartofu xırdalamağın digər yolu ətçəkən maşındır. Bu üsulda tərəvəz daha incə, püreye bənzər kütləyə çevrilir. Nəticədə hazırlanan draniki klassik variantla müqayisədə daha yumşaq və bircinsli olur.
Hər iki üsulda kartofla birlikdə soğanı da xırdalamaq məsləhətdir.
Klassik kartof kökəsinin hazırlanması
Bu yeməyi hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır:
- 1 kq kartof;
- 1 ədəd böyük yumurta;
- 4 xörək qaşığı un;
- 1 ədəd iri soğan;
- zövqə görə duz və ədviyyatlar;
- qızartmaq üçün bitki yağı.
Əvvəlcə kartof və soğan blenderdə və ya ətçəkən maşında xırdalanır. Daha sonra tərəvəz kütləsinin artıq suyu sıxılıb çıxarılır. Bu, kökələrin tavada dağılmaması üçün vacibdir.
Hazırlanmış kütləyə yumurta, un, duz və ədviyyatlar əlavə edilərək yaxşıca qarışdırılır.
Tavada yağ qızdırıldıqdan sonra qarışıq qaşıqla hissə-hissə əlavə edilir. Kökələr hər iki tərəfi təxminən 3-4 dəqiqə olmaqla, qızılı rəng alanadək bişirilir.
Kartof kökəsini ənənəvi olaraq xama, göbələk, qızardılmış piy və ya ətlə süfrəyə vermək olar.


