Türkiyədə investisiya fondları və kapital bazarlarında mümkün maliyyə qanun pozuntuları ilə bağlı aparılan genişmiqyaslı istintaq çərçivəsində daha iki yüksək vəzifəli şəxs barəsində həbs qərarı verilib.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İstanbul Respublika Baş Prokurorluğunun apardığı araşdırma nəticəsində Bank Tənzimləmə və Nəzarət Qurumunun (BDDK) sədr müavini Muhammet Erişen və "Adil Katılım Bankı"nın baş direktoru Murat Yönaç həbs edilərək cəzaçəkmə müəssisəsinə göndəriliblər.
Eyni iş üzrə saxlanılan BDDK-nın digər yüksək vəzifəli əməkdaşı Bilal Soysalın da həbs olunduğu bildirilir.
İstintaq kapital bazarlarında şübhəli əməliyyatlar, investisiya fondlarında qeyri-adi maliyyə dövriyyəsi, bazar manipulyasiyası, qanunsuz gəlir əldə edilməsi və vəsaitlərin mənimsənilməsi iddialarını əhatə edir.
Qeyd edək ki, Türkiyənin Kapital Bazarları Şurası 17 sentyabr 2026-cı ildə yeddi portfel idarəetmə şirkətinə məxsus 131 investisiya fondunun alqı-satqısını dayandırıb və onların ləğvi ilə bağlı qərar qəbul edib.
İş üzrə indiyədək Türkiyənin keçmiş ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya, "Tera Yatırım Holding"in İdarə Heyətinin sədri Emre Tezmen, iqtisadçılar Emre Alkin və Kerem Alkin, "Altınbaş Holding"in sahibi Nusret Altınbaş, eləcə də "Türkiye Sigorta"nın keçmiş baş direktoru Taha Çakmak da daxil olmaqla bir sıra tanınmış şəxslər həbs olunublar.
Bundan başqa, Kapital Bazarları Şurasının keçmiş sədr müavini Enver Usca və qurumun digər sabiq rəhbər şəxsləri barəsində də həbs qərarları çıxarılıb.
İstintaq davam edir. Fondlara vəsait yatırmış vətəndaşların pullarının geri qaytarılması prosesi isə mərhələli şəkildə həyata keçirilir.


