Türkiyənin Giresun şəhərində fəaliyyət göstərən özəl xəstəxanalardan biri ilə bağlı yeni qalmaqal gündəmə gəlib. Xəstəxanada təmizlik işçisi kimi çalışan şəxsin tibbi təhsili və müvafiq səlahiyyəti olmadığı halda əməliyyatlarda iştirak etdiyi, hətta həkim və əməliyyat tibb bacısı kimi xəstələrə müdaxilə etdiyi iddia olunur.
Demoktrat.az xəbər verir ki, İHA-nın məlumatına görə, iddialardan sonra Giresun İl Sağlamlıq Müdirliyi araşdırmaya başlayıb.
Məlumata əsasən, həmin şəxs uzun müddət ərzində vəzifə öhdəliklərinə aid olmayan tibbi prosedurlarda iştirak edib. Bundan başqa, onun gördüyü işlərin xəstə qeydiyyatlarında digər tibb işçilərinin adları ilə rəsmiləşdirildiyi də irəli sürülür.
Qalmaqalla bağlı görüntülərin xəstəxananın sosial şəbəkə hesablarında paylaşdığı tanıtım videosunda da yer aldığı bildirilir. Videonu izləyən vətəndaş həmin şəxsin foto və görüntülərini də əlavə etməklə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya Mərkəzinə (CİMER) şikayət edib. Müraciətdən sonra səhiyyə qurumları iddiaları araşdırmağa başlayıb.
Qeyd edək ki, sözügedən xəstəxana daha əvvəl də başqa bir hadisə ilə gündəmə gəlmişdi. Belə ki, ürək tutmasından şübhələnilərək təcili yardıma müraciət edən Salih Aydın xəstəxanadan evə buraxıldıqdan bir neçə dəqiqə sonra avtomobilində halı pisləşib və ürəyi dayanıb. O, yenidən xəstəxanaya çatdırılaraq reanimasiya tədbirlərinə məruz qalıb, daha sonra təcili angioqrafiya olunaraq ürəyinə stent yerləşdirilib.
Ailəsi ilkin müraciət zamanı aparılan müayinə və müdaxilənin yetərsiz olduğunu iddia edərək aidiyyəti qurumlara şikayət edib. Türkiyə Səhiyyə Nazirliyinin ilkin araşdırmasından sonra isə 25 fevral 2026-cı il tarixli qərarla hadisədə adı keçən tibb işçisi barəsində araşdırma aparılmasına icazə verildiyi açıqlanıb.
Hazırda təmizlik işçisinin əməliyyatlarda iştirakı ilə bağlı yeni iddialar üzrə araşdırma davam edir.


