"Qalatasaray"ın gənc futbolçusu Aleksey Batrakovun meneceri Vladimir Kuzmiçev yaxın iki həftə ərzində İstanbula səfər edəcək. O, səfər çərçivəsində İstanbul təmsilçisinin rəhbərliyi ilə görüşməyi planlaşdırır.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
21 yaşlı rusiyalı yarımmüdafiəçi bu mövsüm göstərdiyi performansla diqqət çəkir. O, keçirdiyi 13 oyunda 6 qol vurub, 4 məhsuldar ötürmə verib. Çempionlar Liqasında isə meydana çıxdığı 4 qarşılaşmada 4 dəfə fərqlənib.
Batrakovun uğurlu çıxışı Avropanın bir sıra tanınmış klublarının da diqqətini cəlb edib. "Mançester Yunayted", "Arsenal", "Çelsi" və PSJ-nin gənc futbolçunun inkişafını izlədiyi iddia olunur.
Məlumatlara görə, "Qalatasaray" rəhbərliyi futbolçunun müqaviləsindəki sərbəstqalma məbləğini 55 milyon avrodan 100 milyon avroya yüksəltməyi planlaşdırır. Yeni müqavilə çərçivəsində onun maaşının da artırılması nəzərdə tutulur.
Batrakovun meneceri Vladimir Kuzmiçev "Match TV"yə açıqlamasında İstanbula səfər edəcəyini təsdiqləyib:
"Planlaşdırılmış səfərim var. Yaxın iki həftə ərzində Alekseyi ziyarət edəcəyəm və rəhbərliklə görüş nəzərdə tutulub. Hələlik konkret müzakirə aparmamışıq, amma görüşüb məsələni müzakirə edəcəyik. Buna əminəm. Ola bilsin, həmin görüşdə bu mövzu da gündəmə gətirilsin".
Qeyd edək ki, Batrakovun müqaviləsindəki sərbəstqalma məbləğinin artırılması ilə bağlı məlumatlar hələlik iddia xarakteri daşıyır.


